Cahangir Qocayev: “Sovetski”dəki evlərin bəzisinin dəyəri heç 100 manat da deyil” MÜSAHİBƏ
Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin SİA-ya müsahibəsi:
- Sizcə, Bakının abadlaşmasına göstərilən diqqət və qoyulan vəsait şəhərimizin inkişafı üçün nə kimi müsbət uğurlar vəd edir?
- Bakı nəinki Azərbaycan, bütün dünya üçün maraqlı və dünyanın qədim şəhərlərindən biridir. Bakının ürəyi olan İçərişəhərin və Qız qalasının tarixini hələ heç kim dəqiqləşdirməyib. Bakı həm də, paytaxt şəhəri olaraq başqa şəhərlərə, məkanlara nümunə olmalıdır. Bakı təkcə xaricdən gələn qonaqların qarşısında yaxşı görünməməlidir, o həm də, baş şəhər olaraq əyalət şəhərləri üçün nümunə olmalıdır. Hansısa əşya köhnələ bilər amma şəhər köhnəlmir, qədimləşir. O qədimləşdikcə onun qiyməti artır. Lakin şəhər qədimiliyini saxlamaqla bərabər həm də, müasirləşməlidir. İki fəaliyyətdə varislik saxlanılmalıdır. Biri şəhərsalma, biri də dövlətçilikdir. Mən inanıram ki, bir müddətdən sonra Bakı şəhəri ona göstərilən diqqət və ayrılan vəsaitin nəticəsi olaraq elə bir şəhərə çevriləcək ki, başqa ölkələrdəki şəhərlər məhz Bakıya bənzədiləcək. Lakin Bakı nə qədər müasirləşsə də, o öz qədimliyini itirməməlidir. Bizim şəhər idarəçiliyi ilə məşğul olanların, arxitektorların ən ümdə vəzifəsi ondan ibarət olmalıdır ki, Bakının qədimliyi heç zaman itməsin. Tarixən formalaşmış mühit heç zaman itməməlidir. Buna görə də düşünürəm ki, şəhərə çəkilən xərclər boşa yerə getmir. Görülən işlər yaxın zamanda böyük səmərə verəcək. Çəkilən xərclər həm estetik mühitə, həm də şəhərdə infrastrukturun müasirləşməsinə xidmət edəcək. Belə olan da insanların fəaliyyəti üçün daha sağlam şərait yaradacaq.
- Hazırda Bakıda abadlıq-quruculuq işləri aparılır. Sizcə, bu Bakının meqapolisə, böyük şəhərə çevrilməsi istiqamətində planların müəyyən hissəsi sayıla bilərmi?
- Mən deməzdim ki, bu plandır. Bu bir reallıqdır. Hazırda şəhər əmələ gətirici amil insanların özüdür. Bakı və onun ətrafındakı şəhərlər hansısa memarın düşüncəsi əsasında əmələ gəlməyib. Onlar tarixən formalaşıblar. Əgər biz Bakıya yaşayış yeri kimi baxırıqsa, o zaman Sumqayıtın və Xırdalanın da inkişaf perspektivlərini nəzərə almalıyıq. Meqapolis o demək deyil ki, Bakı Sumqayıtı və yaxud da Xırdalanı zəbt edir. Əslində Bakı şəhəri indi də bir meqapolisdir. Bu gün Bakının Regional İnkişaf Planının işlənməsi bu məsələnin nə qədər real olacağını bir daha təsdiqləyir. Məlum olur ki, Bakı ilə Sumqayıtın inkişaf perspektivləri arasında çox yaxınlıq var. Hesab edirəm ki, Bakının meqapolis olması məsələsi zamanın ixtiyarına buraxılmalıdır. Burada hansısa siyasi və ya inzibati müdaxiləyə ehtiyac yoxdur.
- Tarixi binalar bizim sərvətimizdir. Onların bərpası prosesini necə qiymətləndirirsiniz?
- Bu məsələyə birmənalı şəkildə "hə" demək düzgün olmazdı. Ümumiyyətlə, şəhərin abadlaşdırılmasına böyük ehtiyac var. Əvvəla ona görə ki, şəhər tarixi binaları müxtəlif vaxtlarda tikilib. Sovet dövründə Azərbaycan memarlığına xas olan daş memarlıqdan xeyli kənarlaşma baş verdi. Dəmir betondan və kaloriti olmayan binalar tikilirdi. İndi həmin binaların tarixi axara qatılması üçün daş memarlıq elementlərindən yenidən istifadə olunur. Mən bunu alqışlayıram. Beləliklə Azərbaycan memarlığına qayıdış baş verir. Daş memarlığı özündə hərarət, istilik əks etdirir. Təbii ki, bunu Bakının əlindən almaq olmaz. Ona görə də, bu məsələyə birmənalı şəkildə "yaxşıdır" demək mümkün deyil. Lakin qaneedici işləri də qeyd etmək lazımdır. Belə ki, günbəgün paytaxtda milliləşmə artır. Lakin bizim əsas milli rəmzimiz Qız Qalasıdır. İkinci belə rəmzimiz yoxdur.
- "Sovetski" məhəlləsinin sökülməsi fonunda ailələrə kompensasiyaların bazar qiyməti ilə ödənilməsi nəzərdə tutulur. Amma bəzi qüvvələr prosesi pozmağa, insanlarla dövlət qurumları arasında narazılıqlar yaratmağa çalışırlar. Bununla bağlı nə deyə bilərsiniz?
- Bilirsiniz, bu məsələyə heç də birmənalı şəkildə yanaşmaq olmaz. Tarixən oranı özünə məskən bilən insanlar var ki, onlar oradan ayrılmaq istəmirlər. Bəziləri də var ki, onlar oradan mənfəət əldə edir. Digər bir qrup insanların isə vəziyyəti ağırdır. Hamı bilir ki, bu məhəllə Bakının qədim məhəllələrindən biridir. Orada bəy də mülk tikib, rəiyyət də. Cəmiyyət dəyişdikdən sonra həmin insanlar orada məskunlaşıb, oğul-uşaq sahibi olublar. Orada vəziyyət çox acınacaqlıdır. Nəmişliyin qarşısını almaq olmur. Bundan başqa orada tikilən binalar çox primitiv inşa olunub. Keyfiyyətsiz materiallardan tikildiyindən onların texniki səviyyəsi aşağıdır. Bu ərazidə yağış yağanda su damcıları pəncərədən içəri daxil olur. Ona görə ki, pəncərə yerlə bir səviyyədədir. Bunun qarşısını almaq da mümkün deyil. Bu səbəbdən hələ neçə illər bundan qabaq orada yaşayan insanların köçürülməsi gündəm də idi. Lakin müəyyən səbəblərə görə bu tam şəkildə həyata keçmədi. Amma müstəqillik qazandıqdan sonra məsələ yenidən gündəmə gəldi. "Sovetski"nin sökülməsinin əsas məqsədi insanların anti-sanitariya şəraitindən azad olunmasıdır. Digər məqsəd şəhərin ekoloji durumunun yaxşılaşdırılması, mərkəzi hissəsində sıxlığın azaldılmasıdır. Buna kompleks yanaşmalıdır. O ki, qaldı oradan insanların köçürülməsinə, insanların yaşadıqları ərazidən zorla köçürülməsinin əleyhinəyəm. Maarifləndirmə yolu ilə insanların bu işə marağını artırmaq lazımdır. Hər hansısa bir layihə həyata keçiriləndə bu kimi məsələlər mütləq ortaya çıxır. Lakin ölkə başçısının söylədiyi kimi heç kim "Sovetski"dən zorla çıxarılmır. Orada elə evlər var ki, onun dəyəri heç 100 manat da deyil. Lakin dövlət tərəfindən bu evlərin hər kvadrat metrinə 1500 manat pul verilir. Düşünürəm ki, bu məsələlər tezliklə öz həllini tapacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB