İyirmi il bundan öncə Bakı şəhəri abadlığı və gözəlliyi ilə diqqəti bir o qədər də cəlb etmirdi. Həm ölkənin iqtisadi baxımdan zəif olması, həm də plansız olaraq, vətəndaşların məskunlaşması, "gecəqondular" inşa etməsi və s. paytaxtımızın simasına xələl gətirirdi, xoşagəlməz mənzərələr ortaya çıxırdı. Əlbəttə ki, Bakı şəhərinin abadlaşdırılması ilə bağlı ortaya çıxan problemlərlə yanaşı, şəhərdə antisanitariya vəziyyəti baş alıb gedirdi, xüsusilə də, cinayət hadisələrinin sayı artırdı. Lakin bu gün sözün əsil mənasında sürətlə inkişaf edən və bütün imkanlara sahib olan Azərbaycan Respublikasının paytaxtı ilə yanaşı bütün bölgələrində kompleks abadlıq-quruculuq işləri həyata keçirilir.
SİA-nın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı həm ölkənin regionlarının, həm də Bakı şəhərinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində görülmüş işlər nəticəsində Azərbaycanın siması tamamilə dəyişib. Reallaşdırılan abadlıq-quruculuq işləri üzrə Azərbaycanın paytaxtı və regionlarının tarixi siması ilə müasir görünüşü sintez edilib və bütün xarici qonaqları, turistləri heyran edən mənzərə formalaşdırılıb. Məhz, Azərbaycan hökuməti bu işləri davam etdirmək və ölkəmizi, xüsusilə də, daim beynəlxalq tədbirlərə ev sahibliyi edən, turistlərin diqqətini çəkən paytaxtımız Bakı şəhərinin daha da abadlaşdırılmasını, gözəlləşdirilməsini reallaşdırmaq niyyətindədir.
Ümumiyyətlə, şəhərlərin abadlaşdırılması üzrə dünya təcrübəsi ondan ibarətdir ki, daha çox insanın yaşadığı və qonağın qəbul edildiyi yerlərdə əsasən park, istirahət məkanları və əyləncə mərkəzləri inşa edilir. Bu, həm şəhərin ekoloji baxımdan təmiz olmasına, həm də insanların rekreativ hüquqlarının tam təmin olunmasına şərait yaradır. Elə Azərbaycanda da eyni prinsiplər üzrə abadlıq-quruculuq işləri həyata keçirilir. Yəni, əvvəlcə insanların maraqları, onların sağlam və təhlükəsiz şəraitdə yaşamaları, istirahət etmələri diqqət mərkəzinə gəlir. Əlbəttə ki, bu gün bir sıra dairələrin məsələyə siyasi prizmadan yanaşmasına, bəzi "hüquq müdafiəçilərinin" sadə insanların mülkiyyət hüququndan sui-istifadə etmələrinə baxmayaraq, Azərbaycan dövləti söküntüsü gedən "Sovetski" məsələsinə yuxarıdakı prinsiplər üzrə yanaşır. Amma onu da qeyd etmək lazımdır ki, Bakı şəhərinin baş planına uyğun olmayan bu yaşayış yerinin sökülməsi məsələsi hələ ötən əsrin 60-70-ci illərindən aktual olub. Lakin siyasi və ictimai hadisələr baxımından dəfələrlə bu yerin sökülməsi və abadlaşdırılması təxirə salınıb. Akademik Milli Dram Teatrının arxasından Hüseyn Cavid parkına qədər olan ərazidə söküntü işlərinin aparılması üçün artıq bütün şərait mövcuddur. Həm vətəndaşların razılığı, həm də dövlətin "Sovetski"dəki könhə, istismara yarasız və vaxtı ötmüş evləri söküb yerində abadlıq işləri aparmaq üçün geniş imkanları var.

Əmlak bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının sözlərinə görə, "Sovetski"nin sökülməsi ilə bağlı dövlətimiz tərəfindən atılan bu addım alqışa layiqdir: "Əgər biz paytaxt Bakını müasir şəhərlərin, meqapolislərin sırasında görmək istəyiriksə, təbii ki, abadlıq-quruculuq, şəhərsalma işləri getməlidir və bu, bir mənalıdır. Hesab edirəm ki, Azərbaycan dövlətinin abadlıq-qurucluq işləri ilə bağlı atdığı hər bir addımı dəstəkləmək lazımdır. Bunu inkar etmək olmaz. Düşünürəm ki, Bakı şəhərinin Baş Planı kifayət qədər fundamental bir sənəddir. Müvafiq struktur olan Arxitektura və Şəhərsalma Komitəsi bu istiqamətdə çox ciddi işlər görüb. Artıq mən həmin sənədin yekun variantına yaxın hissəsi ilə yaxından tanış olmuşam. Hesab edirəm ki, bu planın düzgün icrası Bakı şəhərinə infrastruktur, şəhərin gözəlliyi, arxitekrura və memarlıq üslubu baxımından müsbət mənada xarakterizə oluna bilər. Təbii ki, paytaxtda şəhərsalma işləri ilə əlaqədar olaraq Bakının mərkəzindəki xüsusən bir mərtəbəli fərdi yaşayış evlərindən ibarət olan, bir-birlərinə çox yaxın tikilmiş, qədim infrastruktura malik ərazilər yenilənməli və abadlaşdırılmalıdır. Düşünürəm ki, onların yerinə müasir tələblərə cavab verən hündürmərtəbəli binalar inşa edilməlidir. Bununla belə yol infrastrukturuna da yenidən baxılmalıdır".
Azərbaycan respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası haqqında da danışan icraçı direktor bildirib ki, bu işlər yüksək qiymətləndirilməlidir: "Azərbaycanda yeni-yeni iş yerləri açılır və iqtisadi layihələr gerçəkləşdirilir. Bununla belə yol və digər infrastruktur layihələri həyata keçirilir. Təbii ki, bütün bunların hər biri bizləri çox sevindirir".
Ərazidə çəkiliş apardığımız zaman ekoloji baxımdan təhlükəli vəziyyətin olması, həmçinin, zibildaşyan maşınların bura daxil ola bilməməsinin xüsusilə, uşaqların səhhəti üçün zərərli olan antisanitariya şəraitinin və darısqal küçədən keçmək istəyən iki avtomobilin qəza törətməsinin də əyani şahidi olduq. Bunlarla yanaşı, sakinlərin dediklərinə görə, "Sovetski" ən çox kriminal hadisələrin baş verdiyi bir yer kimi də tanınır.
Bir sözlə, sakinlər "Sovetski"nin tezliklə söküləcəyinə ümid edir və dövlətin burada park və istirahət güşəsi yaratmaq istəyini dəstəkləyir.

"Sovetski" sakini Gülxanın Babayeva: "Allah Prezident İlham Əliyevin canını sağ eləsin ki, o, tezliklə bizləri bu bataqlıqdan çıxardacaq. Həqiqətən də burada yaşamaq qeyri-mümkündür. Mənzillərimizə gün işığı düşmədiyindən evlərimizin divarları rütubətə qərq olub, körpə uşaqlarımız, eləcə də özümüz müxtəlif xəstəliklərə düçar olmuşuq. Düşünürəm ki, bizə evin hər kvadratmetrinə görə veriləcək 1500 manat məbləğində vəsait, həyat şəraitimizin daha da yaxşılaşmasına kömək edəcək".

"Sovetski"nin kiçik sakini Elçin Həsənov: "Mən də bütün uşaqlar kimi çox istərdim ki, həyətimiz, yollarımız geniş olsun və burada futbol, valeybol oynayaq və idmanla məşğul olaq. Bir sözlə, evimizin sökülməsini və yeni mənzilimizdə dediklərimin hər birinin olmasını arzulayıram".

"Sovetski" sakini Zahid Cavadov: "Düşünürəm ki, yaşadığımız bu ərazilərin sökülərək yerində müasir tələblərə cavab verən parkların və istirahət ocaqların inşa olunması gözəlləşən Bakının simasını daha da müsbətə doğru dəyişəcək. Ən azından qışın soyuğundan və yayın qızmar istisindən canımız qurtular. Qış və yay gələndə evlərdə oturmaq qeyri-mümkündür".

"Sovetski" sakini Mətanət Abdullayeva: "Dövlətimiz hər zaman bizə qayğı göstərir və özünün diqqətindən kənarda saxlamır. Mən dövlətimdən heç bir zaman narazı olmamışam. Hər bir atılan addım düşünürəm ki, bizim həyat şəraitimizin yaxşılaşdırılmasına, insanların rifah halının yüksək səviyyədə olmasına hesablanıb".
Qeyd edək ki, dövlətimiz sosial təbiətindən irəli gələrək, insanların təhlükəsizliyi və istirahətini təmin etmək üçün iri layihələr reallaşdırır, paytaxtımızı abadlaşdırır. Məhz, son illər ərzində Bakı şəhərində salınmış parklar, yaşıllıqlar, xüsusilə də, Bulvarın uzadılması insanlar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu mənada, "Sovetski"nin sökülməsi ilə Bakı şəhərinin sakinləri daha bir möhtəşəm park və geniş, təhlükəsiz istirahət məkanı qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB