Aydın Hüseynov: “Azərbaycan böyük bir sənaye ölkəsinə çevriləcək “ MÜSAHİBƏ

Aydın Hüseynov: “Azərbaycan böyük bir sənaye ölkəsinə çevriləcək “ MÜSAHİBƏ

YAP Siyasi Şurasının üzvü Aydın Hüseynovun "SƏS" TV-yə müsahibəsi

- Aydın müəllim, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi Azərbaycan iqtisadiyyatının gələcək perspektivinə hansı töhfələri verəcək?

- Cənab Prezidentin rəhbərliyi ilə artıq üçüncü regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul olunub. Məlumdur ki, regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı 2004-2008-ci illəri, ikinci Dövlət Proqramı 2009-2013-cü illəri əhatə edib. Ümumiyyətlə, qəbul edilən bütün Dövlət Proqramlarının başlıca məqsədi regionların iqtisadi inkişafına nail olmaq və regionlar arasında tarazlığı bərpa etməkdir. Bəzi obyektiv və subyektiv səbəblərdən regionlardan paytaxt Bakıya insan axını ilbəil artmaqda idi. Ona görə də regionların iqtisadi inkişaf proqramının qəbul edilməsi zərurəti yaranmışdı. Dövlət Proqramının uğurlu icrasından sonra regionlarla paytaxt arasında fərq minimuma endirilib. Regionlarda bir sıra infrastruktur layihələri həyata keçirilib, əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə daimi iş yerləri açılıb və eləcə də yol, kommunikasiya xətləri bərpa edilib. Birinci və ikinci Dövlət Proqramının uğurlu icrasının nəticəsidir ki, ölkə iqtisadiyyatı inkişaf tempi 3,2 dəfə artıb. Bu da digər iqtisadi göstəricilərə müsbət təsirini göstərib. İşsizliyin səviyyəsi 49 faizdən, 5 faizə enib, 1 milyon 200 min iş yeri açılıb, əmək haqları 11 dəfə, pensiyalar isə 9,6 dəfə artıb, dövlət büdcəsinin strateji valyuta ehtiyatları 31 dəfə artırılaraq 50 milyard dollara yaxın olub. 2014-cü il üçün qəbul edilən dövlət büdcəsinin xərc hissəsi 20 milyard 63 milyon manatdır. Bütün əldə olunan nailiyyətlər proqramın uğurlu şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir. Proqramların düzgün tərtib olunması və icrasının nəticəsi idi ki, makroiqtisadi göstəricilər yüksəlib. Ölkə başçısının həyata keçirdiyi iqtisadi strategiyanın başlıca prioriteti ölkə iqtisadiyyatının diversifikasiyası, neft sektorundan asılılığı aradan qaldıraraq qeyri-neft sektorunun inkişaf etdirməkdir. Ümumilikdə, üçüncü Dövlət Proqramının əsas hədəfi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini daha da möhkəmləndirmək və sənaye potensialını yüksəltməkdir.

- Bildiyimiz kimi, Prezident İlham Əliyev 2014-cü ili "Sənaye ili" elan edib. Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası "Sənaye ili"nə hansı müsbət təsirləri göstərə bilər?

- Məlumdur ki, 1969-cu ilə qədər Azərbaycan aqrar ölkə kimi tanınırdı. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə başladı və ölkəmizi aqrar ölkədən sənaye ölkəsinə çevrildi. O dövrdən etibarən Azərbaycanda bir çox sənaye sahələri üzrə ixtisaslaşma yarandı. Ulu öndərin siyasi fəaliyyətinin Moskva dövründə bəzi siyasi-iqtisadi hadisələr baş verdi, SSRİ-nin süqutu yaxınlaşdıqca iqtisadiyyatda da xarakterik geriləmələr qaçılmaz oldu. Amma 1993-cü ildə Ulu Öndər Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkə iqtisadiyyatının bütün sahələri inkişaf etdirildi. Eləcə də sənaye sahəsində böyük uğurlar əldə edildi. Son 10 ildə isə iqtisadiyyatın sənaye sektorunda mühüm addımlar atılıb. Sənaye parklarının yaradılması ilə yüksək texnologiyalar bazasında fəaliyyət göstərəcək yeni perspektivlər müəyyənləşdirilib. İnanırıq ki, cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan yaxın gələcəkdə böyük bir sənaye ölkəsinə çevriləcək.

- İqtisadiyyatın inkişafında təbii ki, maliyyə siyasəti də önəmli rol oynayır. Ümumiyyətlə, Azərbaycanda yeniləşmiş, modern mailiyyə siyasəti hansı prinsiplərə söykənir?

- Bütünlüklə, Dövlət Proqramlarının uğurla həyata keçirilməsi üçün ilk növbədə maliyyə resursları tələb olunur. Bu maliyyə resurslarının idarə olunması da mükəmməl şəkildə həyata keçirilməlidir. Maliyyə hesabları dəqiqliklə aparılmalıdır ki, gələcəkdə problemlər yaranmasın. Ölkə iqtisadiyyatının ən birinci düşməni olan infilyasiya ilə üz-üzə qalmaması üçün pul-kredit siyasəti düzgün aparılmalıdır. Dünyada qlobal maliyyə böhranının yaşandığı bir zamanda bunun ölkəmizdə hiss olunmaması aparılan dəqiq, uğurlu, uzaqgörən siyasətin nəticəsi idi.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə