Jalə Əliyeva: “Ölkənin birinci xanımı bu ada öz nüfuzuna görə layiq görülüb” AÇIQLAMA
"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın 2014-cü ilin ən nüfuzlu qadını seçilməsi Azərbaycan vətəndaşı olararaq hər birimizi sevindirməlidir. Ona görə ki, Mehriban xanım Əliyevanın bu ada layiq görülməsi, hər birimiz üçün qürurvericidir". Bu sözləri SİA-ya millət vəkili Jalə Əliyeva Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin "Nefertiti Media Productions" şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın 2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülməsi ilə bağlı danışarkən deyib.
Millət vəkili vurğulayıb ki, ölkənin birinci xanımının məhz 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində bu ada layiq görülməsi hər bir azərbaycanlı qadınınına verilən dəyərdir: "Təbii ki, Mehriban xanım Əliyeva bu ada öz əməllərinə və xoşməramlı fəaliyyətinə görə layiq görülüb. Sorğuda bir çox dövlətlərin başçıları və digər ictimai-siyasi xadimlər iştirak etsə də, bu ada məhz Mehriban xanım Əliyevanın layiq görülməsi heç də təsadüfi deyil. Onun həyata keçirdiyi xeyriyyə işləri, ölkədə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrlə bağlı fəaliyyəti göz qabağındadır. Çox sevindirici haldır ki, bu işlər təkcə ölkəmizdə deyil, həm də ölkədən kənarda yüksək qiymətləndirilir".
J. Əliyevanın sözlərinə görə, Azərbaycanın birinci xanımı bu ada həm də öz nüfuzuna görə layiq görülüb: "2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülməsi münasibətilə Mehriban xanım Əliyevanı təbrik edirik. İnanırıq ki, Mehriban xanım öz gördüyü işlərin nəticəsi olaraq bundan da böyük, geniş miqyaslı mükafatlara layiq görüləcək. Buna hər birimiz əminik. Ölkənin birinci xanımı daxili gözəlliklə xarici gözəlliyin vəhdətinin bir simvoludur. Bu simvol Azərbaycan qadını olduğu üçün bizim üçün sevindirici və qürurvericidir".
Qeyd edək ki, sorğu 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək Fransada və ərəb dünyasında tələbələr, jurnalistlər və internet şəbəkəsi istifadəçiləri arasında keçirilib. Sorğu siyahısına dövlət başçıları, iri müəssisə və xeyriyyə təşkilatlarının rəhbərlərinin adları daxil edilib.
Mehriban Əliyeva YUNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə sorğunun qalibi seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB