Aydın Mirzəzadə: "Azərbaycan balanslaşdırılmış siyasətini davam etdirmək niyyətindədir" MÜSAHİBƏ
Yeni Azərbaycan Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin "SƏS" TV-yə müsahibəsi
- Aydın müəllim, son zamanlar Ukraynada yaşanan olayları necə şərh edərdiniz. Ümumiyyətlə, bəzi siyasi ekspertlərin Ukrayna hadisələrinin Azərbaycana sıçrayacağı ilə bağlı iddiaları nə qədər real görünə bilər?
- Ukraynada baş verən proseslər bu gün dünyanın diqqət mərkəzindədir. Həm böyük dövlətlər, həm də Ukraynaya qonşu olan ölkələr orada baş verən prosesləri analiz etməyə və bu proseslərin həmin ölkənin daxili siyasətinə nə cür təsir edəcəyi barədə mülahizələr irəli sürməkdədirlər. Ümumiyyətlə isə bu problemlər Ukrayna dövlətinin tarixindən irəli gəlir. Yəni, tarixən Ukraynanın bir hissəsi Qərb təsiri altında, bir hissəsi Rusiyanın, digər hissəsi - Krım isə Osmanlı İmperyasının tərkib hissəsi kimi yaşayıb. Yarımada Krım tatarlarının əsas etnosu olduğu bir ərazi olub. Sonradan rus millətindən olan əhalinin sayının artmasına baxmayaraq Krımın Şərqə, Türkiyəyə bağlılığı daima mövcud olub. Müstəqillik qazandıqdan sonra Ukraynada bir-birinin ardınca gah Rusiyapərəst, gah da Qərbpərəst siyasi qüvvələr hakimiyyətə gələrək özlərinin ideologiyasını bütün Ukraynanın ideologiyası olmasına sərf ediblər. Təəssüf ki, Ukraynada milli birliyə söykənən, hər qüvvənin maraqlarını nəzərə alan vahid dəyərlər uğrunda birləşən cəmiyyət uğrunda proses çox zəif gedib. Bu baxımdan da hakimiyyət dəyişikliyi ya inqilablar, ya da ağır fəsadlar törədən proseslərlə nəticələnir. Hesab edirəm ki, Ukraynada gedən proseslər ilk növbədə onun daxili işidir. Region dövlətlərinin bundan hər hansı bir zərər çəkəcəyini düşünmürəm. Onun digər dövlətlərin daxili siyasətinə heç bir təsiri ola bilməz. Güman edirəm ki, orada vəziyyət müəyyən zamandan sonra axarına düşəcək.
- Bəzi ekspertlər Dağlıq Qarabağ problemini Krım hadisələri ilə eyniləşdirməyə çalışırlar. Rusiya Ukraynada növbəti "Dağlıq Qarabağ" yarada bilərmi?
- İlk növbədə Rusiya Krımı Ukraynanın bir hissəsi kimi qəbul edir. Onun Krım hadisələrinə münasibəti orada yaşayan rus icmasının hüquqlarının qorunmasını üzərinə götürmək istəyindən irəli gəlir. Krımda yaşayan ruslar Rusiyameyilli siyasi kursu dəstəkliyirlər. Bu baxımdan, Rusiyanın maraqları yalnız orada yaşayan rus əhalisinin hüquqlarının qorunmasından ibarətdir. Ukrayna tərəfi də Krımın statusunun artırılması barəsində təkliflər üzərində işləyir. Mümkündür ki, Kiyevin hazırladığı variantlar gələcəkdə Rusiyanın bu məsələdə narahatçılığına tamamilə son qoysun. Krımın Ukrayna daxilində statusunun nə cür olacağı, hansı yeni səlahiyyətlərin veriləcəyi Ukraynanın təkliflərindən asılıdır. Krımın Dağlıq Qarabağa çevriləcəyini gözləmirəm. Çünki Rusiya Ermənistandan fərqli olaraq bu gün Krıma ərazi iddiası irəli sürmür və Krımı özünə birləşdirmək niyyətində deyil. Bu yalnış yanaşmadır.
- İddialara görə, Rusiya Qafqaz sərhəddi boyunca hərbi qüvvələri yerləşdirir. Ümumiyyətlə bu addım nəyə hesablanıb?
- Belə bir məlumatla tanış deyiləm. Ancaq Rusiya istənilən halda qoşunlarını yeritsə belə bunun Qafqazdakı proseslərə təsir etmək imkanı azdır. Rusiya həmin qoşunları üç Qafqaz ölkəsinə yeridə bilməyəcək. Onun hətta Ermənistandakı hərbi bazasındakı hərbi qulluqçuları da müəyyən bir statusla orada yerləşirlər. Hər halda, Rusiyanın hakim dairələri və siyasi dairələri də yaxşı bilirlər ki, Qafqazla silah dili, hərbi təzyiqlə danışmaq olmaz. Onunla ancaq əməkdaşlıq etmək olar.
- Demək olarmı ki, Azərbaycan dövləti Rusiya ilə yaxınlaşma siyasətini seçməklə düzgün siyasət aparır?
- Azərbaycan ümumən maraqlarının qorunduğu bütün istiqamətlərə meyl edir. Kimlərsə Azərbaycanın Rusiyaya və ya digər siyasi mərkəzlərə doğru yönəlməsini istəyərdi. Amma dövlətimiz bu cür radikal yanaşmanı qəbul etmir və onun maraqlarının qorunduğu bütün mərkəzlərlə əməkdaşlıq etmək, balanslaşdırılmış siyasəti davam etdirmək niyyətindədir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB