Çingiz Qənizadə: "Hesabat həminkidir, dəyişən sadəcə tarixdir" Münasibət
"ABŞ Dövlət Departamentinin son hesabatı 10 bu il bundan əvvəl hazırlanan materiallar əsasında yenidən dərc olunub və tamamilə qərəzlidir. Bəllidir ki, məqsədli şəkildə informasiyaların hesabatda yer alması heç də təsadüfi deyil. Yəni hesabat həminkidir, dəyişən sadəcə tarixdir ". Bunu SİA-ya açıqlamasında hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə mövcud hesabata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hesabatda Ermənistanın dəstəyi ilə separatçıların Dağlıq Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğal etdiyini göstəriblər: "Əslində, torpaqları işğal edən separatçılar deyil. Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub. Hesabatda separatçıları daha çox diqqətə çatdırmaqla Ermənistanı bu məsələdən yayındırırlar. Ermənistanın bu hadisələrdə birbaşa müdaxiləsini, marağını dolayısı ilə kənarda saxlamağa cəhd edirlər. Hesabatda QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunlardan söhbət açırlar. Bu qanunla bağlı parlamentə layihə təqdim edənlərdən biri də mənəm. Yəqin ki, ABŞ da öz ölkəsinə daxil olan pulların haradan, nə məqsədlə kimin hesabına daxil olmasını nəzarətdə saxlayır. Biz də terrorçuluğun maliyyələşməsinə qarşı beynəlxalq konvensiyalara qoşulmuşuq. Elə ABŞ-ın özü ilə də bu sahədə əməkdaşlıq edirik".
Millət vəkili bildirib ki, bəzi hallarda QHT-lərə yönələn pullar sonradan radikal dindarların əlinə keçir və bundan bir sıra radikal addımların atılmasında istifadə olunur: "Ona görə də QHT-lərlə bağlı qanunda üçüncü sektor təmsilçilərinin fəaliyyətinin məhdudlaşdırılmasından söhbət gedə bilməz. Bununla yanaşı, heç bir əsas göstərmədən vətəndaşların öz ölkəsindəki hakimiyyəti dinc yolla dəyişmək hüququnun əlindən alındığını demək də düzgün deyil. Bununla hesabat müəllifləri hazırladıqları sənədə ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmağa yönəlik, qızışdırıcı xarakterli bir bəndi əlavə ediblər. Sual olunur ki, əgər bu onlar deyən kimidirsə, o zaman beynəlxalq qurumların prezident və parlament seçkiləri ilə bağlı verdikləri müsbət rəylər hara getdi? ATƏT-in, digər beynəlxalq təşkilatların, yüzlərlə beynəlxalq müşahidəçinin 2010 və 2013-cü il seçkiləri barədə hazırladıqları sənədlərə niyə diqqət yetirilmir? Bu baxımdan, vətəndaşların öz ölkəsindəki hakimiyyəti dinc yolla dəyişmək hüququ əlindən alınıb demək, səmimi fikir deyil. Bunu edənlər Azərbaycanın hazırkı iqtisadi-siyasi uğurlarına, beynəlxalq aləmdə artan nüfuzuna bir qısqanclıq hissi ilə yanaşır, ölkədəki sabitliyi pozmaq istiqamətində addımlar atırlar".
Ç. Qənizadə onu da əlavə edib kİ, hesabatda ordudakı hansısa qeyri-humanist davranışdan da söhbət açılır: "Bunu özbaşınalıq kimi qələmə verirlər. Hansı ölkənin ordusu ehtiyatsızlıqdan baş verə biləcək qəzadan, insan itkisindən sığortalanıb? Azərbaycanda da belə hallar olur və ehtiyatsızlıq edənlər qanun çərçivəsində cəzalanırlar. Belə olan halda bunu ordudakı özbaşınalıq, qeyri-humanist addım kimi qələmə vermək nə dərəcədə düzgündür? Hətta hesabatda, barələrində məhkəmə hökmü çıxarılmayan şəxslərin siyasi məhbus adlandırılmasına da rast gəlmək olar. Bu da yolverilməz haldır. Ola bilər ki, onların siyasi məhbus kimi təqdim etdikləri şəxs məhkəmənin sonunda bəraət alacaq, təqsirsiz olduğu müəyyənləşəcək. Nə qədər ki, həmin şəxslərin barəsində qanuni qərar qüvvəyə minməyib, adamların siyasi məhbus sayılması heç kimə başucalığı gətirmir. Bu hesabat ABŞ Dövlət Departamentinin adından yayılıb. Əgər biz Amerikanın özündə araşdırma aparsaq, insan hüquqlarının pozulmasına yönəlik kifayət qədər faktlar aşkarlaya, başqa ölkələrin ərazilərinə müdaxiləni, oradakı insanların soyuqqanlılıqla başlarına gətirilən oyunları görə bilərik".
"Təəssüf ki, bu gün Azərbaycanda belə hesabatları hazırlamaqla erməni dəyirmanına su tökən qüvvələr var. Departamentin hesabatında elə məqamlar var ki, əvvəlki illərdə söylənilən fikirlər təkrar sənəddə yer alıb. Sanki hesabatın daha iri həcm alması üçün təkrarçılığa da göz yumublar. Odur ki, hesabatı qərəzli sayıram. Bəziləri bu kimi hesabatları yaymaqla qarışqadan fil düzəltmək istəyirlər. Fikrimcə, bütün bunların arxasında Azərbaycanın dünyada artan nüfuzunu, siyasi-iqtisadi-hərbi gücünü, ölkəmizin müstəqil siyasət yürütməsini qəbul etməyən qüvvələr dayanır. ABŞ kimi ölkələrin də belə hesabatların yayılmasında öz siyasi maraqları var" - deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB