Bahar Muradova: “Azərbaycan sülh və əmin-amanlıq bölgəsidir” MÜSAHİBƏ
Milli Məəclisin vitse-spikeri Bahar Muradovanın "SƏS" TV-yə müsahibəsi
- Bahar xanım, son günlər Qara dəniz regionunda vəziyyətin gərginləşməsinin, Ukrayna hadisələrinin qonşu dövlətlərə sirayət etməsi nə qədər real görünə bilər?
- Qara dəniz regionuna aid olan Ukraynada baş verən prsoseslər bütün dünyanın diqqət mərkəzindədir. Proseslərin hansı istiqamətdə cərəyan edəcəyini yalnız zaman göstərə bilər. Azərbaycanla ikitərəfli strateji münasibətlərə malik olan bu ölkədəki vəziyyət bizi narahat etməyə bilməz. Bir dövlət olaraq, Azərbaycan dünyanın bütün ölkələrində baş verən proseslərin, qarşıya çıxan problemlərin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Azərbaycanla yanaşı digər region ölkələri də Ukraynada mövcud problemlərin müsbət yöndə həllini tapmasında yardımçı ola bilərlər.
- Maraqlıdır ki, dünyanın istənilən ölkəsində hər hansı gərgin vəziyyət yarandıqda müxalifət ekspertləri bunu dərhal Azərbaycanla əlaqələndirməyə cəhd edirlər. Sizcə, belə bir iddianın irəli sürülməsinin arxasında hansı niyyətlər dayana bilər?
- Bu iddiaların arxasında ölkəni qarışıqlığa, qeyri-sabitliyə sürükləyənlərin şəxsi ambisyaları dayanır. Bu da nəyin bahasına olursa-olsun onların siyasi hədəflərinə çatmaq istəyindən yaranır. Ona görə də müxalifətdə olan bir qrup insan var ki, dünyanın hansı bölgəsində mənfi yöndə, xaosa aparan bir proses baş verirsə bu hadisələrin Azərbaycanda da təkrarlanmasını istəyirlər. Amma onlar ilk növbədə unutmamalıdırlar ki, hər bir ölkənin özünün ictimai-siyasi reallıqları var. Dövlətimizin gücü, qüdrəti, eləcə də ölkədə aparılan siyasətin xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi və ölkədəki sabitliyin qorunub saxlanılması bu kimi cəhdlərin qarşısını alan amillərdir. Azərbaycan ən müxtəlif maraqlar müstəvisində baş verən prosesləri izləməklə yanaşı daxili sabitliyini qoruyub saxlayır, iqtisadi inkişafını getdikcə artırır, vətəndaş hüquq və azadlıqlarının təmin olunması üçün üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Bu kimi məsələlərə münasibətdə də məhz qonşuluq, ikitərəfli və çoxtərəfli münasibətlər çərçivəsində mövqeyini sərgiləməyi bacarır. Balanslaşdırılmış siyasət ölkəmizi həm xaosdan, həm də anarxiyadan qoruyur. Bu baxımdan, hansısa hadisənin ölkəmizdə təkrarlanması mümkün deyil. Azərbaycan sabitlik oazisi, sülh və əmin-amanlıq bölgəsi, tolerantlıq ölkəsi kimi dünyaya çox gözəl bir nümunədir. Bu gün Azərbaycanın inkişaf modeli xarici ölkələrə nümunədir.
- Prezident İlham Əliyevin 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi ölkəmizə daha hansı perspektivləri vəd edir?
- Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası zamanı görülən işlər, əldə edilən nailiyyətlər göz qabağındadır, həmçinin qarşıya çıxan problemlər müzakirə olunaraq həllini tapır. Hesab edirəm ki, qəbul edilən yeni proqram regionlarda gedən inkişafı daha da sürətləndirəcək. Abadlıq-quruculuq işləri, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, investisya mühütünün yaxşılaşdırılması istiqamətində görülən işlərin geniş vüsət alacağına inanırıq. Bu istiqamətdə bir çox dövlət qurumlarının üzərinə düşən vəzifələr həm dövlət proqramlarının reallaşmasına, həm də vətəndaşların fəaliyyət sərbəstliyinin təkmilləşməsinə öz ciddi təsirini göstərəcək. Əgər əvvəlki proqramların icrası regionların dirçəlməsinə sərf edilirdisə, növbəti proqramın icrası zamanı regionlarda olan bir sıra problemlər qəti olaraq aradan qalıdrılacaq. Əminliklə onu deyə bilərəm ki, bu proqramın icrasının yekununda qarşıya qoyulan hədəflərə tam şəkildə nail olunacaq. Cənab Prezident hökümətin qarşısına hansı vəzifələri qoyursa onun reallaşması istiqamətində də maksimum şəraitin yaranmasını təmin edir. Artıq bu, bir qayda olaraq yerinə yetirilir.
- Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının sədri kimi qarşıda hansı işləri reallaşdırmağı planlaşdırırsınız?
- Bu komissiya yaradılandan öncə də Yeni Azərbaycan Partiyasının çox sağlam beynəlxalq əlaqələri mövcud idi. Partiya yarandığı gündən ölkə daxilinə hesablanmış siyasəti həyata keçirməklə, bu siyasətdə yaxından iştirak edib və hər bir partiya üzvünün ölkənin ictimai-siyasi həyatında rolunu gücləndirərək Azərbaycanın dünyada tanıdılması istiqamətində müsbət addımlar atıb. Partiya daxilində fəaliyyət göstərən gənclər təşkilatları və qadınlar şurası hər zaman xarici ölkələrdə ölkəmizi yüksək səviyyədə təmsil ediblər. Hakim Partiya Avropanın Xalqlar Partiyası ilə sıx əlaqələrə malikdir və biz bu qrupa üzv olmaq üçün səylərimizi davam etdiririk. Eləcə də digər dövlətlərin partiyaları ilə əlaqələrimizi getdikcə genişləndiririk. Asiya Siyasi Partiyalar İttifaqında partiyamızın təmsil olunması isə yüksək əlaqələrin qurulmasından xəbər verir. Eyni zamanda, bu ittifaqın nəzdində fəaliyyət göstərən həm gənclər, həm də qadınlar təşkilatları çox fəal aparıcı mövqelərə malikdirlər. Ümumiyyətlə, partiyamızın beynəlxalq əlaqələr komissiyasının qarşısında duran əsas hədəflər isə bu günə qədər mövcud olan beynəlxalq əlaqələri qoruyub saxlamaq və inkişaf etdirməkdir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB