Bakı-Xəbər qəzetinin baş redaktoru Aydın Quliyevin Səs TV-yə müsahibəsi:
- Aydın müəllim, ABŞ Dövlət Departamenti növbəti dəfə Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı qərəzli hesabat yayıb. Sizcə ABŞ Dövlət Departamentinin ənənəvi mövqeyi nədən qaynaqlanır?
- Azərbaycan müstəqillik qazandıqdan sonra bəzi beynəlxalq təşkilatların, eyni zamanda, müxtəlif ölkələrdən olan qeyri-hökümət təşkilatlarının ölkəmizdə siyasi vəziyyət, eləcə də media ilə bağlı yanaşmalarında mübahisəli və ziddiyətli məqamların şahidi olmuşuq. Təəssüf hissi ilə qeyd edərdim ki, bu cür qərəzli münasibətlər illərdir davam edir. ABŞ-ın eləcə də Avropnın bir sıra qeyri-hökümət təşkilatlarının ölkəmizdə media ilə bağlı fikirləri reallığa uyğun deyil. Xüsusilə də, 2003-cü ildən bu yana vəziyyəti təhlil edərkən eyni tendensiya daha aydın görünür. Bu qərəzlərin də kökündə bir neçə məqam dayanır. Bunlardan biri bu təşkilatların bir qisminin müəyyən siyasi dairələrlə bağlılığının olmasıdır. Hansılar ki, Azərbaycanda müəyyən maraqları var. Amma həmin dairələr maraqlarının ödənilmədiyini görəndə ölkəmizlə bağlı qərəzli bəyanatlar yaymağa başlayırlar. Bütün qərəzlərin isə kökündə bir qısqanclıq dayanır. Çünki MDB ölkələrinin içində bu gün stabil vəziyyətdə olan məhz Azərbaycandır. Bu stabilliyin isə uzunmüddətli olmağına hətta qərəzli təşkilatlar belə şübhə etmirlər. Bu stabilliyin ciddi real əsasları var. Ona görə də, ölkəni ləkələmək üçün müxtəlif üsullara əl atırlar.
- Bu kimi təşkilatların arxasında ermənipərəst dairələrin maraqlarının olduğunu söyləyə bilərikmi?
- Təbii ki, bunu istisna etmək olmaz. Dövlət rəsmilərinin də dedikləri bu ifadələri mən mötəbər qəbul edirəm ki, bu qərəzli bəyanatlarda ermənilərin əli ola bilər. Çünki erməni lobbisi Azərbaycanla total müharibə aparır. Bu da təkcə Qarabağ torpaqlarını işğal etmək deyil, eyni zamanda ölkəmizə qarşı ləkələyici fikirlər yaymaqdır. Belə məlumatlar onların ekspansiya siyasətinin dəstəklənməsində müəyyən qədər rol oynaya bilər. Belə ki, Azərbaycanda insan haqlarının pozulduğunu, mətbuatın azad olmamasını deməklə Dağlıq Qarabağ münaqişəsinin həllində silah kimi istifadə etmək niyyətindədirlər.
- Bəzi siyasiləşmiş jurnalistlər xarici ölkələrdən sığınacaq əldə etmək üçün dövlətin maraqlarını qurban verirlər. Buna sizin münasibətiniz?
- Hansı ölkənin vətəndaşı olmağından asılı olmayaraq mühacirəti ancaq bir halda qəbul etmək olar. O da insanın yaşaması üçün real təhlükə olarsa. Bu fikir şəriətimizdə də öz əksini tapır. Ölkəmizdə demokratiyanın höküm sürdüyü bir zamanda kiminsə mühacirət etməsinə baxışım birmənalı deyil. Görünür, bu insanlar özlərini heç bir sahədə görə bilmirlər. Ona görə də çıxış yolunu ölkədən qaçmaqda görürlər. Hansı xarakterin, dünyagörüşün sahibi olmasından asılı olmayaraq insanın özünü təsdiq etməsi üçün ölkəmizdə əlverişli şərait var. Son aylarda mühacirət faktlarına isə dəhşət kimi baxıram. Bu hansı məntiqdir ki, mühacirətdə olarkən mənsub olduğun xalqın, dövlətin dəyərlərini sual altına alasan və həqarət obyektinə çevirəsən. Mən bunu ittiham edirəm. Bu yolverilməzdir. Vətənin, xalqın, dövlətin dəyərlərini hədəfə çevirmək dövlət qarşısında ən ağır cinayətdir. Ona görə də, bu insanlara cəmiyyətimizdə böyük hiddət var.
- Xocalı soyqırımı ərəfəsində Günel Mövludun ermənilərə müraciət edərək onlardan üzür istəməsini necə şərh edərdiniz?
- Son bir ildə gənc yazarlar adı ilə meydana çıxan bir qrup gənclərin arasında xoşagəlməz meyillərə rast gəlirik. Xüsusilə də xarici ölkələrə mühacirət etmiş gənc yazarların qəribə düşüncə sahibi olduqlarının şahidi oluruq. Özlərinə post-modernist və s. adlar verərək dövlətin milli maraqlarına tamamilə zidd çıxışlar edirlər. Günel Mövludun isə bu addımını konkret olaraq heç bir cəhətdən şərh etmək istəməzdim. Çünki onun bütün fikirlərini özümün təhlil bucağıma uyğun bilmirəm.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB