Politoloq: “Rusiya Krımın işğal olunmasını Qərbə qəbul etdirə biləcəyindən əmindir”

Mübariz Əhmədoğlu: “Azərbaycanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyü pozulan zaman Qərb nə edibsə, Ukrayna məsələsində ondan artığını etməyəcək”
Politoloq: “Rusiya Krımın işğal olunmasını Qərbə qəbul etdirə biləcəyindən əmindir”

"Ukraynada gözlənilməz heç nə baş vermədi. Çünki Qərb MDB məkanını bilmədən səhv siyasət apararaq dağıdıcılıqla məşğul oldu. Qərbin MDB məkanına yönəlik atdığı addımlar ona müvəqqəti uğurlar gətirsə də, sonrada əldə etdiyi uğurlar əlindən çıxır". Bu fikirləri SİA-ya açıqlaması zamanı Siyasi İnnovasiya və Texnalogiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu Ukraynada baş verən prosesləri şərh edərkən deyib.

M. Əhmədoğlunun sözlərinə görə, Qərb heç bir MDB ölkəsinin ərazi bütövlüyünün pozulmasına qarşı lazımı addımlar atmayıb: "Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü pozulanda Qərb harada idi? Nə baş verdiyini bilmirdi? Bəs Qərb bilmirdi ki, MDB məkanında ərazi bütövlüyünün pozulması vərdişə çevrilib? Elə Azərbaycanın ərazi bütövlüyünün pozulmasında Qərbin özü də iştirak edib. Azərbaycan, Gürcüstan, Moldova kimi kiçik dövlətlərin ərazi bütövlüyü pozulanda Qərbin səs çıxarmadığına görə, Ukrayna kimi böyük dövlətin ərazi bütövlüyü pozuldu. Ona görə də nə baş verməsindən asılı olmayaraq, Qərb bu məsələdə yaxasını kənara çəkməməlidir".

"Bu gün də Azərbaycan torpaqları işğal altındadır. ABŞ hansı qaydada Azərbaycanın ərazi bütövlüyünə dəstək verib ki, Ukrayna böyüklüyündə dövlətin ərazi bütövlüyü pozulanda nə etsin? Hesab edirəm ki, Qərb belə məsələlərdə lazımı addımlar atmaqla bu vərdişi özündə yaratmalı idi. Ona görə də bu məsələdə Qərb də məsuliyyət daşıyır,- deyə politoloq vurğulayıb.

M.Əhmədoğlu bildirib ki, Ukraynada əldə olunan qısa müddətli uğurdan eyforiyaya qapılan Qərb Rusiyanın müəyyən çətinliklərinə və Soçi Olimpiadasına başının qarışmasından istifadə edərək Ukraynanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışdı: "Ancaq anlamadırlar ki, Rusiyanın Ukraynaya hədsiz dərəcədə təsir rıçaqları var. Ona görə də inqilabın qanlı mərhələyə keçməsinə imkan verməməli idilər. Hansı ki, bunu Qərb özü bunu dəstəkləyirdi".

Mərkəz sədri qeyd edib ki, Qərb müasir mərhələdə mitinqlərin qanlı mərhələyə keçməsinin əsasını Azərbaycanda qoymağa çalışıb: "Bunu "Nida" gənclər hərəkatı üzvlərinə "molotov kokteylləri" hazırladaraq ölkədə çaxnaşma yaratmağa çalışmalarında görmüşük. Sonradan bəli oldu ki, onları ABŞ-ın Milli Demokratiya İnstitutu və beynəlxalq qeyri hökumət təşkilatları maliyyələşdiriblər. Bu hadisənin qarşısı Azərbaycan hökumətinin sayıqlığı nəticəsində qətiyyətlə alındı. Ona görə də Azərbaycanda Ukraynada baş verənlər olmadı. Onu da vurğulamaq istəyirəm ki, Ukraynada Azərbaycanın yürütdüyü siyasət yoxdur. Bu səbəbdən də Ukraynada məlum hadisələr baş verdi".

Politoloq vurğulayıb ki, bütün hallarda Rusiya müdaxilə etməsə də Qərb bilməli idi ki, Ukraynanı Rusiyasız əldə saxlamaq mümkün deyil: "Əgər hadisələr dinc yolla getsə belə Qərbin Ukraynaya lazım olan pulu vermək imkanı yoxdur.

Rusiyanın Ukraynaya satdığı qazın qiymətini qaldırmaması və iqtisadi əlaqələri kəsməsi nəzərə alınmasa, Ukrayna Rusiyadan ayrılandan sonra iqtisadiyyatını dirçəltmək üçün azı 160 milyard dollar pul lazımdır. Qərbin əlində isə bu qədər pul yoxdur".

Politoloq qeyd edib ki, Ukraynada gedən proseslərdə Krım məsələsi ayrı məsələdir, çünki Rusiyanın Ukrayna ilə yox, Krımla işi var: "Bir qədər sonra Vladimir Putin Ukrayna daxilində baş verən proseslərə qarışmayacaq. Hesab edirəm ki, heç bir şərt daxilində, hətta Viktor Yanukovic Ukraynaının yenidən prezidenti olsa və ya Dimitri Medvedyev Ukraynaya prezident təyin olsa belə Rusiya Krımı Ukraynaya qaytarmayacaq. Avrasiyanın geosiyasi göbəklərindən bir Qara dəniz regionudur. Qərb dövlətləri də nəzərə almalıdır ki, Rusiya Qara dənizdəki hərbi donanmasını saxlamaq üçün hər şeyə getməyə hazırdır.

O da nəzərə alınmalıdır ki, bu gün Ukrayna Rusiyanın təsir dairəsindən çıxırsa, gələcəkdə Rusiyanın özü də parçalana bilər. Əgər Ukrayna Rusiyanın təsirindən çıxsa, o zaman MDB ölkələri də təsir zonasından uzaqlaşacaq. Ancaq Ukrayna məsələsinə gəlincə, Rusiya istəyinə çatıb".

M.Əhmədoğlu qeyd edib ki, bundan sonra Ukraynada baş verən hadisələr sakitləşmə mərhələsinə qədəm qoyacaq: "Qərbin özü də baş verənlərlə barışacaq. Təbii ki, Qərb bu hadisələrə narazılığını bildirəcək. Ancaq Gürcüstanın, Azərbaycanın, Moldovanın ərazi bütövlüyü pozulan zaman Qərb nə edibsə, Ukrayna məsələsində ondan artığını etməyəcək. Bir az çətin də olsa Qərbin özü Krımın itirilməsi ilə barışacaq".

Mərkəz sədri deyib ki, Ukraynada baş verən proseslərdə Viktor Yanukoviçin də böyük səhvi olub: "Çünki Viktor Yanukoviç korrupsiya qurşanmışdı və atdığı addımlarda qətiyyətsiz idi. Hətta Ukraynanın ATƏT-ə həmsədrlik etdiyi dövr ərzində Dağlıq Qarabağ məsələsində konkret qərar qəbul edə bilmədi. Yanukoviç bəyan etmişdi ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan prezidenti Serj Sarkisyanla şəxsi münasibətləri var və Dağlıq Qarabağ məsələsinin həll edilməsinə çalışacaq. Ancaq korrupsiyaya qurşanan Yanukoviç tamam fərqli tapşırıq verdi. Ona görə də Ukraynanın ATƏT-ə həmsədrlik etdiyi dövr ərzində Dağlıq Qarabağ məsələsinin adı çəkilmədi. Belə qətiyyətsiz adam digər məsələlərdə də qətiyyətsiz oldu. Ona görə də Ukraynada gedən daxili proseslərə nəzarəti itirdi".

Ukrayna məsələsində hərbi əməliyyatların başlaması məsələsinə gəlincə isə M.Əhmədoğlu bu halın baş verməsinin real olmadığı deyib: "Ukrayna məsələsində heç bir hərbi əməliyyat olmayacaq. Ola bilər bir-iki xırda insidentlər baş versin, ancaq hər hansı bir hərbi əməliyyatın olması mümkün deyil. Çünki Rusiya artıq Krımı zəbt edib. Ona görə də Rusiya əlavə hərəkətlər edərək ətraf aləmi qıcıqlandırmaq niyyətində deyil. Artıq Rusiyaya sakitliyin bərpa olunması lzaımdır. Digər tərəfdən Rusiya əmindir ki, Krımın işğal olunmasını Qərbə qəbul etdirə biləcək. Çünki bu kimi məsələlərdə Qərbin sona qədər tab gətirə bilməməsini Abxaziya və Şimali Osetiya məsələsində müşahidə edib".

Bütün xəbərlər Facebook səhifəmizdə