AXCP qərargahında baş verən partlayışda Əli Kərimli izi

AXCP qərargahında baş verən partlayışda Əli Kərimli izi

"Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmisində baş verən partlayışdan şou düzəltməyə çalışır". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı partlayışdan sonra Ə.Kərimlinin bu hadisəni özlərinə qarşı təxribat kimi dəyərləndirməsinə münasibət bildirərkən deyib.

N. Orduxanlı deyib ki, Ə. Kərimli növbəti dəfə belə hadisələrdən şou düzəltməyə çalışır: "Bu gün mətbuatdan oxudum ki, Əli Kərimlinin ofis kimi istifadə etdiyi qərargahın zirzəmisində partlayış baş verib. Özlərinin yaydığı məlumata görə, zirzəmi bərbərxana kimi istifadə edilirmiş. Bu hadisəni aidiyyatı orqanlar araşdırmalıdır və baş verən partlayışın səbəbləri aydınlaşdırılmalıdır. Ancaq istisna etmirəm ki, partlayış Əli Kərimli tərəfindən qəsdən törədilib. Hərhalda, buna daha çox inanıram. Çünki bu adam şou düzəltməyi bacarır. Gündəmə gəlmək, beynəlxalq təşkilatların diqqətini özünə yönəltmək üçün istənilən addımı atmağa hazırdır. Yəqin istəyir ki, "əsas müxalifət" olduğunu cəmiyyətə çatdırsın. Əli Kərimlidən hər addımı gözləyirəm. Çünki Xocalı soyqırımı günü 5-10 adamla səs-küy yaradaraq, mətbuatda özünə "basqı" kimi təqdim edən birindən hər addımı gözləmək mümkündür. Hesab edirəm ki, bütün hallarda baş verən partlayış ciddi araşdırılmalıdır".

Qeyd edək ki, bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmisində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin rəsmi açıqlamasına görə, partlayış zirzəmidəki bərbərxanada olub. Nəticədə qərargahın konfrans zalına ciddi ziyan dəyib. Hadisədən sonra AXCP sədri Əli Kərimli baş verən hadisəni onlara hakimiyyətin təzyiq kimi dəyərləndirib və bu barədə sosial şəbəkədəki hesabından sərsəm "açıqlama" yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə