"Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi yaz sessiyası üçün iki qanun layihəsi təqdim edib. Bunlar "Hərbi qulluqçuların statusu haqqında" və "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihələridir". SİA-nın xəbərinə görə, bunu komitə üzvü Zahid Oruc deyib.
Ötən dövr ərzində Azərbaycanın müdafiə qabiliyyətinin xeyli dərəcədə gücləndiyini deyən millət vəkilinin sözlərinə görə, orduda çox böyük dəyişiklər baş verib: "Azərbaycanın özünün həm müdafiə sənayesini yaratması, həm də özünü xarici silah asılılığından qurtarılması yönündə gördüyü tədbirlər zəruri edir ki, burada münasibətlərin daha da təkmil və sivil qurulması üçün hüquqi tənzimlənmələrin tamam yeni bir formasına keçilməlidir. Bu ölkəmizin beynəlxalq əlaqələrindən, götürdüyü öhdəliklərdən də irəli gələn məsələlərdir. Bütün hallarda nəticə etibarilə bu, ölkənin hərbi möhkəmliyinə, onun təhlükəsizliyinə müsbət təsir edirsə, bunlar reallaşdırılmalıdır. Ona görə də, hərbi qulluqçuların statusu ilə bağlı layihə tam yenidən işlənib. İnanıram ki, yaz sessiyasında bu layihəni müzakirəyə çıxarıb qəbul edə biləcəyik".
O həmçinin qeyd edib ki, hərbi qulluqçuların statusu haqqında müvafiq ad altında başqa qanun hazırda qüvvədədir: "Lakin dövlət başçısı elə yeni addımlar atıb ki, bunlar qanunvericilikdə əksini tapmalıdır. Məsələn, xüsusi olaraq zabitlərin mənzillə təminatı, onların sosial müdafiəsinin gücləndirilməsi və digər məsələlərlə bağlı yeni baxışlar var. Büdcədə müdafiə xərclərinə yönələn 4 milyard dollara yaxın vəsaitin təxminən 25-26 faizi hərbçilərin əmək haqqı fonduna gedir. Bu rəqəmin artırılması imkanları mövcuddur. Eyni zamanda, ölkə rəhbəri iki il öncə 20 illik dövrdə qüsursuz xidmətlər göstərən hərbçi şəxslərin mənzillə təminatı üçün mühüm qərar verdi. Maliyyə Nazirliyi və digər müvafiq qurumlar lazımi addımlar atıb, hazırda da müəyyən işlər görülür. Hesab edirəm ki, yeni qanun layihəsi bu məsələləri tənzimləyə bilər. Eləcə də hərbi qulluqçuların statusu məsələsinə baxılması mümkündür, eləcə də, onların bir sıra məsələləri də həll oluna bilər. Ümumən nəzərə almalıyıq ki, ölkədə müharibə şəraitində çalışan ordu qüvvələri üçün dövlətin imkanı var ki, proqram halında təminat sistemi həyata keçirilsin. Yəqin ki, sözügedən qanun layihəsi bu məsələləri tənzimləyəcək".
"Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihəsindən bəhs edən komitə üzvü bildirib ki, ikinci layihə üzərində geniş dayanmaq istəmir: "Çünki söhbət çərçivə qanunundan gedir. Bu sənəd özündə ölkədə hansı hərbi birləşmələrin, hansı xarakterli qoşun növlərinin olmasını ehtiva edir. Yəni layihədə əlahiddə yeni məsələ yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB