Rufiz Qonaqov: “Xocalı abidəsinin Şəhidlər Xiyabanına köçürülməsi məntiqli təklifdir”
"Xocalı soyqırımından 22 il ötürsə və ATƏT-in Minsk qrupu da danışıqlar prosesində öz müsbət rolunu göstərə bilmirsə, deməli artıq iki məsələ mütləq həllini tapmalıdır. Birincisi, dünya birliyi Ermənistana sanksiyalar tətbiq etməlidir, ikincisi ATƏT-in Minsk qrupunun tərkibində dəyişiklik edilməlidir. ATƏT-in Minsk qrupunun tərkibinə Türkiyə daxil edilməli, Fransa isə çıxarılmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib.
Xocalı faciəsinin bu gün dünyada soyqırımı kimi tanıdılması ilə bağlı atılan addımlardan danışan R.Qonaqov qeyd edib ki, Xocalı faciəsinin 22-ci ildönümündə artıq dünya ictimaiyyəti, bir çox ölkələr və onların parlamentləri bu gün soyqırımı hadisəsini tanımaqda davam edirlər: "Erməni diasporunun cəhdlərinə baxmayaraq, Azərbaycanın diplomatik nümayəndəliklərinin, diaspor təşkilatlarının, ən əsası dövlət başçımızın apardığı siyasət nəticəsində Xocalı faciəsi artıq əksər ölkələrdə soyqırımı kimi tanınır. Bu günlərdə təklif oldu ki, Xocalı abidəsi Şəhidlər Xiyabanına köçürülsün. Belə olacağı təqdirdə xarici dövlətlərin rəsmi səfərləri zamanı nümayəndə heyətləri Xocalını da ziyarət edəcəklər. Bu addım Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasında xüsusi rol oynayacaq. Ona görə də, Xocalı abidəsinin Şəhidlər Xiyabanına köçürülməsi məntiqli təklifdir".
BMAM sədri R.Qonaqov ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəsizliyindən də danışaraq əlavə edib ki, Fransa, Rusiya və ABŞ formatı sülh danışıqlarında öz müsbət rolunu göstərə bilmədi: "Sülh danışıqları illərlə yubandı, heç bir nəticə əldə olunmadı. Çox təəssüflər ki, hələ də Azərbaycan torpaqları işğal altında qalmaqda davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB