Nəcəf Novruzov: “Günahkarlar ədalət məhkəməsi qarşısında cavab verməlidir”

Nəcəf Novruzov: “Günahkarlar ədalət məhkəməsi qarşısında cavab verməlidir”

"Xocalı soyqırımını gənc nəsilə tanıtmaq lazımdır ki, tarixdə nələrin baş verdiyini, Azərbaycan xalqının başına ermənilər tərəfindən hansı faciələrin gətirildiyini bilsinlər". Bu fikirləri SİA-ya Bakı şəhər Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində gənclərin roluna münasibətini açıqlayarkən deyib.

"Azərbaycan həqiqətlərini təkcə ölkə daxilində qeyd etmək kifayət deyil. Ölkə xaricində də təbliğat istiqamətli, Azərbaycanın haqq səsinin oradakı gənclərə çatdırılması üçün konkret fəaliyyət göstərməliyik" - deyən Nəcəf Novruzov onu da qeyd edib ki, bu işlərdə xüsusilə, xarici ölkələrin hakim siyasi partiyalarının gənclər birlikləri ilə səmərəli əlaqələr genişləndirilməlidir: "Ümumiyyətlə, Xocalı faciəsi təkcə azərbaycanlılara yox, bəşəriyyətə qarşı törədilən cinayət kimi qəbul edilməlidir. Günahkarlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Bu, beynəlxalq hüququn bərqərar olması baxımından vacibdir".

Nəcəf Novruzov eyni zamanda vurğulayıb ki, son illərdə Xocalı fəlakətinin dünya ictimaiyyətinə çatdırılması yönündə ardıcıl olaraq göstərilən cəhdlərin, təşəbbüslərin sayı artmaqdadır: "Belə ki, əgər bir neçə il əvvəl Xocalı soyqırımı KİV-lər vasitəsilə işıqlandırılırdısa, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünya ölkələrində soyqırımı ilə əlaqədar aksiyalar, tədbirlər həyat keçirilir. Bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rol oynayır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə