Bu gün Xocalı faciəsinin 22-ci ildönümüdür. Xocalı soyqırımı 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni Silahlı Qüvvələri tərəfindən Rusiyanın 336-cı motoatıcı alayi ilə birgə Xocalı şəhərinin işğalı zamanı təkcə azərbaycanlılara qarşı deyil, bütün türk dünyasına qarşı baş verən soyqırımıdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib, qətliamın qurbanı olub. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı isə itkin düşüb.
22 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı bu günü unutmur. SİA-nın xəbərinə görə, səhər saatlarından başlayaraq minlərlə insan Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan "Ana harayı" abidəsini ziyarət etməyə gəlir, onların ruhuna dualar oxunur.
.jpg)
Mehriban Əliyeva: "Xocalı faciəsindən 22 il keçməsinə baxmayaraq, biz elə bilirik ki, həmin gün bu gündür. Bu dəhşət heç vaxt yadımızdan çıxmayacaq. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərini 4 tərəfdən əhatə edərək hücuma keçən azğınlaşmış erməni daşnakları şəhəri yandırmağa, talan etməyə başladılar. Naəlac qalmış dinc əhali özünü Xocalının meşəsinə ataraq oradan çıxmaq üçün yol axtarmağa başladı. Ermənilər xocalılılar üçün həmin meşədə Qaraqaya deyilən yerdə pusqu qurmuşdular. Mən ora Qaraqaya deyil, "qanlı qaya" deyirəm. Ona görə ki, biz xocalılıların qarşısını həmin yerdə kəsdilər, bizə divan tutdular. Körpələrin başını kəsir, hamilə qadınların qarnından körpələri çıxarıb tikə-tikə doğrayırdılar. Qocalarımızın, oğullarımızın başına min cür bəlalar gətirirdilər. Ağ qarın üzərində qırmızı qan cığır salmışdı. Həmin gün sanki təbiət də qan ağlayırdı. Mən həmin faciə zamanı həyat yoldaşımı itirmişəm. Mən və mənim kimi bir çoxları bu qanlı faciənin şahidləri olmuşuq. Ona görə də, biz bu gün hər il fevral ayının 26-sı deyil, hər gün, hər an xatırlayırıq".
Məmməd Əliyev: "1992-ci ilin bu günü ermənilər Xocalı sakinlərini amansızcasına qətlə yetiriblər. 15 yaşım olmasına baxmayaraq, hər il "Ana harayı" abidəsini ziyarət edir, faciəni anır, faciədə həlak olanların ruhuna rəhmət oxuyuram. Xocalı ilə bağlı keçirilən bütün yürüşlərdə iştirak edirəm. Xocalı bizim qan yaddaşımızdır. Biz gənclər heç zaman bu faciəni unutmayacağıq. Faciədən 22 il ötməsinə baxmayaraq, heç kim bu faciəni unutmayıb və bu gün hər il olduğu kimi, bu gün də insanlar abidəni ziyarət etməyə gəlirlər. Ümid edirəm ki, tezliklə torpaqlarımız işğaldan azad olunar və bununla biz az da olsa, düşməndən qisas almış olarıq".
Əhməd Vəliyev: " Xocalı soyqırımı ən dəhşətli faciələrdən biridir. Hər ilin fevral ayının 26-da bu gün yüksək şəkildə anılır, Xocalı ilə bağlı həm ölkəmizdə, həm də digər ölkələrdə müxtəlif tədbirlər keçirilir. Xocalı faciəsi bir çox ölkələr tərəfindən soyqırımı kimi tanınıb. Arzu edərdim ki, Azərbaycan xalqı heç bir zaman bu cür faciə yaşamasın, hər zaman ölkəmizdə sülh və əmin-amanlıq olsun. Bizim ən böyük problemimiz torpaqlarımızın işğaldan azad olunmasıdır və inanırıq ki, tezliklə bu problem də öz həllini tapacaq".
Xocalı sakini Tofiq Süleymanov: "Xocalı faciəsi hər birimizin qəlbində qan yaddaşı kimi yaşayır. 1992-ci ilin bu günü Xocalı camaatı üçün ən dəhşətli anlar başladı. Mən də Xocalı sakini kimi o faciəni yaşamış bir insanam və 12 gün ac-susuz mühasirədə qalmışam. Biz həmin dəhşətli anları tək bu gün yox, hər gün yaşayırıq. Orada olub baş verən dəhşətləri, qadınlara, uşaqlara, ümumilikdə dinc əhaliyə verilən zülmləri gözlə görmək çox ağır və ağrılıdır. Bizim üçün onları danışmaq çox çətindir. Xocalı soyqırımı zamanı misli görülməyən hadisələr baş verdi. Bütün camaat meşələrə qaçırdı. Ana baladan, bala anadan ayrı düşmüşdü. Kimisinin dirisinə, kimisin isə ölüsünə işgəncə verirdilər. Bu elə bir faciədir ki, onu danışmaqla bitməz. Bundan qisas almağın əsas yolu torpaqlarımızın işğaldan azad olunmasıdır".
Xocalı sakini Zəminə Əliyeva: "Xocalı faciəsində ailəmizdən 5 nəfər ata, ana, 2 bacım və qardaşım həlak olub, bir qardaşım isə ermənilər tərəfindən əsir götürülüb. Bu gün mənim üçün çox ağır və acınacaqlı bir gündür. Meşəli kəndindən olduğum üçün həmin kənddə 20 nəfər şəhidin 5-i bizim ailədən olub. Həmin gün kəndimizdən həlak olan 2 polisdən biri, əsir düşən 2 nəfərdən biri, öldürülən 7 qadından 3-ü bizim evimizdən olub. Evimiz yandırılıb, bütün nəsil həmin faciədə həlak olub. O günləri xatırlamaq bizim üçün həddindən artıq çətin və ağırdır".
Xocalı sakini Nəzakət Salmanova: "Mən bu faciədə anamı bacımı, 6 yaşlı bacım oğlunu itirmişəm və bir qardaşım itkin düşüb. Ən çox təsir edən məhz o uşağın həlak olması idi. Axı onun nə günahı var idi. O günləri xatırlamaq bizim üçün çox ağırdır. Təsəvvür edin ki, anaların gözü qarşısında balalarını öldürürdülər heç kim heç nə edə bilmirdi. Bundan dəhşətli nə ola bilər ki? Bu faciə tək xocalıların deyil, hər kəsin faciəsidir".
Qeyd edək ki, "Ana harayı" abidəsinə ziyarət axşam saat 20:00-a qədər davam edir.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB