Parlamentdə Azərbaycan-Latviya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Bu gün spiker Oqtay Əsədov Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Yanis Reyersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, Oqtay Əsədov iki ölkə arasındakı dostluq münasibətlərindən danışaraq bildirib ki, Azərbaycan-Latviya əlaqələri gündən-günə inkişaf edir.
Sədr qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafında oynadığı rolu xüsusi qeyd edib: "Azərbaycan ilə Latviya arasında hüquqi baza da mövcuddur. İndiyədək iki ölkə arasında 30-a qədər sənəd imzalanıb, 5 sənəd isə imzalanmaq üçün hazırlanır. Eyni zamanda iki ölkə arasındakı ticari əlaqələrin daha da inkişaf etdirilməsi olduqca vacibdir".
Nümayəndə heyətinə Azərbaycanın sürətli inkişafı haqqında məlumat verən sədr əlavə edib ki, bu gün ölkəmizin regionun və Avropanın enerji təhlükəsizliyində böyük rolu var: "Azərbaycan müstəqil dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edib, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə görə regionun lider dövlətinə çevrilib".
Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı haqqında məlumat verib: " "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçilərinin qəsbkarlıq planlarının, azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımı siyasətinin yüz illərlə ölçülən tarixi var. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə etinasızlıq göstərməkdə davam edir, silahlı qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmaq istəmir. Təəssüf ki, münaqişənin nizamlanması üçün xeyli səylər göstərilməsinə baxmayaraq, indiyədək bu sahədə əsaslı irəliləyişə nail olunmayıb. Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsin tərəfdarıdır. Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən törədilmiş ən dəhşətli cinayətdir. Bu soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib. Xocalı faciəsi dünyanın bir çox ölkələrində soyqırımı kimi tanınıb".
Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Yanis Reyers ölkələrimiz arasında dostluq münasibətinin inkişafının məmnunluq doğurduğunu vurğulayıb: "İki ölkə arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var".
Y. Reyers Xocalı qətliamı ilə bağlı deyib ki, bu, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Azərbaycanın Latviyadakı diaspor təşkilatlarının bu faciə ilə bağlı həqiqətlərin ölkə ictimaiyyətinə çatdırılmasında mühüm işlər gördüyü vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB