Vüqar Rəhimzadə: “Faciəni törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər” AÇIQLAMA
"Xocalı təkcə faciə deyil, həm də soyqırımıdır. Xocalı faciəsi azərbaycanlıların başına gətirilən ən böyük və ən dəhşətli faciələrdən biridir". Bu sözləri SİA- ya "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilən bir terror aktıdır: "Ermənistan silahlı qüvvələri Sovet Birliyinin 66-cı alayı ilə birlikdə qarşılarına azərbaycanlıların yer üzündən silinməsi məqsədini qoymuşdu ki, bu faciə də həmin məqsədin bir hissəsi idi. Dünya ictimaiyyəti bu faciəyə öz münasibətini bildirməlidir. Bu gün dünyanın bir çox ölkələrinin parlamentləri Xocalı faciəsini soyqırımı kimi qəbul etməklə yanaşı, faciə ilə bağlı sənəd qəbul edib. Amma təəssüf doğuracaq məqamlar da var. Belə ki, dünyanın bir çox beynəlxalq təşkilatları bu cür faciələrə, soyqırımılarına qarşı ikili münasibətlər bəsləyirlər".
Faciənin dünyada tanıdılması ilə bağlı ölkəmiz tərəfindən həyata keçirilən işlərdən danışan V. Rəhimzadə söyləyib ki, faciənin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dövlət qurumları, QHT-lər və digərləri kifayət qədər uğurlu işlər həyata keçirirlər. Faciə ilə bağlı görülən işlər təkcə 26 fevral ərəfəsində deyil, ondan sonrakı günlərdə də həyata keçməkdədir. Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusilə vurğulamaq olar. Belə ki, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə faciə ilə bağlı bir çox ədəbiyyatların nəşr olunması, müxtəlif roliklərin, filmlərin dünya ictimaiyyətinə çatdırılması təqdirəlayiqdir. Soyqırımının dünyada tanıdılması ilə əlaqədar həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət "kampaniyası həyata keçirilir ki, bu kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində, beynəlxalq səfirliklərin, təşkilatların qarşısında nümayişlər, piketlər keçirilir. Bütün bunlar faciənin həmin qurumlara çatdırılmasında xüsusi əhəmiyyətə malikdir. Sülhü sevən, vətənpərvər insan bu faciəni pisləməli, lənətləməlidir. Mən inanıram ki, faciəni törədənlər vaxt gələcək beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər. Beynəlxalq qurumlar bununla bağlı öz sözünü deyəcək, beynəlxalq ictimaiyyət həmin cinayətkarların cəzasına çatması üçün öz təşəbbüsünü göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB