Müxalifətin Ukrayna “sevgisi”

Ukraynada qəlb ağrıdan hadisələr başlayandan, insanların küçələrdə öldürüldüyü ilk günlərindən bizim müxalifətin sevincinin həddi-buluğu yoxdur. Elə bil, əziz qardaşlarının toy mərasimidir, əl çalıb oynayırlar. Dillərində "Ukraynadan sonra növbə Azərbaycandadır" şüarı ilə ümidlərini növbəti "dirəyə" bağlayıblar.

Axı, Ukraynada insanlar ölür, ölkə çöküb, iqtisadiyyat yox olub, sosial həyat dayanıb, bir sözlə, Ukraynanın nəbzi vurmur. Bəs bizim müxalifətin nəbzi niyə şıdırğı vurur? Orada axıdılan insan qanını ölkəmizdə arzulamaq eşqimi bu nəbzi artırıb? Şübhəsiz ki, arzu eləyə-eləyə "arzulaşan" bu şəxslərin qanından bir damcı olsa belə, o axıdılan qanın içində olmayacağını bilə-bilə bunu istəmək də elə çətin deyil.

İsa Qəmbərin, Əli Kərimlinin, Cəmil Həsənlinin sevinci yerə-göyə sığmır. Əzizlərim, sən elə bir şeyləri ölkəmizdə arzu edirsən ki, o şeylər dövləti yox eləyib və insanlar durmadan qətlə yetirilir. Ona görə yox ki, Ukrayna xalqı "azadlıq" istəyir.

Məgər bu vaxta kimi hansı xalq özü "Azadlıq" hərəkatı yarada bilib? Xarici xüsusi xidmət orqanlarının həyata keçirdiyi, yürütdüyü, idarə etdiyi mitinqlərin, üsyanların, siz dediyiniz o "azadlıq" çağırışlarının arxasında nələr dayanır? Kimlər bu fürsətdən istifadə edib ölkənin hər beş nəfərindən üçünü xarici orqanlara casus kimi ələ keçirir?

Vaxt var idi, oxşar hadisələr ərəb ölkələrində baş verəndə müxalifət liderləri deyirdilər ki, növbə Azərbaycandadır, 5-10 günə hakimiyyətə gəlirik. Gah Misiri, Liviyanı, gah Afrika ölkələrini, gah da son zamanların ən ağrılı mənzərəsinə çevrilən Suriyanı nümunə gətirib "azadlıq" arzulayan müxalifət liderlərini indi də Ukrayna "sevgisi" dəli edib. Elə ki, hansısa ölkədə bir balaca dava-dalaş düşdü, bizim müxalifət də başlayır toy-bayram eləməyə.

Eşitdiyimə görə, hansısa müxalifət partiyasının sədri oğluna toy edəcək, amma gözləyir ki, Azərbaycanda dəyişiklik olsun sonra toy eləsin. Kişi Ukraynanı gözləyir. Onda oğlun yemədi getdi, uşağın cavanlığını da əlindən alacaqsan.

Təzə müxalifət partiyası da yaranıbmış. İlahi, kərəminə şükür, niyə bizlərə yazığın gəlmir!? Bir ildən sonra bizim müxalifətin "səmərəli fəaliyyəti" hesabına Azərbaycanda hər adama iki partiya düşəcək. Təzə doğulanlar yerə düşən kimi Ədliyyə Nazirliyinə qaçıb partiya qeydiyyatı üçün müraciət edəcək. Vallah, bundan böyük rüsvayçılıq yoxdur. Hafiz Hacıyev "hamınızı qırajam, sizə qan uddurajam" deyəndə camaat gülür, elə içi mən qarışıq. Amma onun sərhəddi ora qədərdir.

Ukraynada mayın 25-də prezident seçkiləri keçiriləcək. O vaxta kimi müvəqqəti şəxs ölkəyə rəhbərlik edəcək. Timoşenko da həbsxanadan çıxdı, deməli, Maydan bir az da boşalacaq. İyunda isə hər şey öz axarında davam edəcək. Cəmi iki ay qalıb. Di tələsin, a müxalifət, vaxt getdi…

Bütün xəbərlər Facebook səhifəmizdə