“Pakistanın görkəmli şəxsləri Dağlıq Qarabağ məsələsinin həllinə çağırırlar”
Pakistanda nəşr olunan ingilisdilli "Pakistan Observer" qəzetinin 20 fevral 2014-cü il tarixli buraxılışında "Pakistanın görkəmli şəxsləri Dağlıq Qarabağ məsələsinin həllinə çağırırlar. Pakistan Observer məsələnin sülh yolu ilə həlli məqsədi ilə ictimai birliyi səfərbər edir" adlı məqalə dərc edilib. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, məqalədə Pakistan senatının sədr müavini, senatın komitə sədrləri, əyalətlərin qanunverici və icraedici orqanlarının rəhbərləri, sabiq nazirlər, istefada olan ordu generalları, admirallar, aviasiya marşalı, tanınmış hüquqşünaslar, jurnalistlər və alimlər də daxil olmaqla 100 nəfərdən çox Pakistanın ictimai-siyasi xadimləri Xocalı soyqırımını qəti şəkildə pisləmək məqsədi ilə Bəyannamə ilə müraciət etdikləri vurğulanıb.
Bəyannamədə SSRİ-nin süqutundan sonra müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğala məruz qaldığı və təcavüz nəticəsində Dağlıq Qarabağ və daha 7 rayon daxil olmaqla Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğu bildirilib.
Xocalı Soyqırımı ilə bağlı bəyannamədə vurğulanır ki, erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılmış Xocalı şəhəri 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun motoatıcı alayının bir başa iştirakı ilə hücuma məruz qalaraq tamamilə məhv edilib. Həmin dəhşətli gecə zamanı 613 nəfər öldürülmüş insanların arasında 83 uşaq, 106 qadın olub. Onlardan 56 nəfəri xüsusi amansızlıqla öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib.
Bəyannamədə 22 aprel 2010-cu il tarixində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Xocalıda törədilmiş qırğını "...hərbi cinayət və ya insaniyyətə qarşı cinayət" adlandırdığı bildirilib, qırğının miqyası və ağırlığı nəzərə alınaraq bu cinayətdə əli olanların məsuliyyətə cəlb edilməsinin qaçılmaz olduğu vurğulanıb.
Həmçinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılması haqqında mötəbər beynəlxalq təşkilatlarının məlum qərarlarının indiyidək yerinə yetirilmədiyi vurğulanıb.
Eyni zamanda bir neçə dünya ölkələri, nüfuzlu beynəlxalq təşkilatlarla yanaşı Pakistan Senatı tərəfindən də Xocalı Soyqırımını tanıyan, bu cinayəti törədənləri məsuliyyətə cəlb edilməsini tələb edən qətnamənin qəbul edilməsi də qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB