Prezident Qazaxıstan parlamenti Məclisinin sədrini qəbul edib

Prezident Qazaxıstan parlamenti Məclisinin sədrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüş zamanı dövlət başçısı Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

Prezident İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə bu yaxınlarda Soçidə görüşünü məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlət başçısı əməkdaşlığımızın daha da möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edib. Ölkələrimizin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan prezident İlham Əliyev Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin ölkəmizə səfərinin münasibətlərimizin gələcəkdə daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində Qazaxıstan parlamenti Məclisinin sədri N.Niqmatulin prezident Nursultan Nazarbayevin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb. O bildirib ki, ölkəmizə səfərə gələrkən Qazaxıstan prezidenti onu şəxsən qəbul edib və prezident İlham Əliyevə ən səmimi arzularını, möhkəm cansağlığı və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləklərini çatdırmağı xahiş edib.

N.Niqmatulin ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə Nursultan Nazarbayev arasında dostluq münasibətlərinin və qarşılıqlı hörmətin rolunu xüsusi vurğulayıb. O, bu əlaqələrin hazırda daha da genişləndirilməsində dövlət başçılarının arasında səmimi dostluq münasibətlərinin önəmini vurğulayıb. N.Niqmatulin Qazaxıstan prezidentinin məktubunu Azərbaycan prezidentinə təqdim edib.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın bir sıra sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstan prezidentinə çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə