Sabir Məmmədov: “Xocalı soyqrımı bəşəriyyətə və insanlığa qarşı bir cinayətdir” MÜSAHİBƏ
Müsahibimiz 1990-1993-cü illər də Xocalı şəhərinin polis rəisi olmuş Sabir Məmmədovdur:
- Sabir müəllim, 21 sentyabr 1991-ci ildə Yeltsin və Nazarbayev DQMV münaqişəsinin həlli ilə bağlı Xankəndində əhali ilə görüş keçiriblər. Bu zaman erməni təxribatının qarşısının alınması ücün qabaqlayıcı tədbirlər görüldümü?
- Sualınızı cavablandırmadan öncə onu deyim ki, o zaman DQMV-nin bütün ərazisi od tutub yanırdı, erməni quldur dəstələrinin terror əməlləri nəticəsində azərbaycanlılar öz el-obalarına gedib-gəlməkdə çətinlik çəkirdilər. 1988-ci ildən 1993-cü ilə qədər orada işləmiş və yaşamış adamlar baş verənləri gözləri ilə görüblər və o günləri olduğu kimi düzgün, dəqiq təsvir edə bilərlər.
Yeri gəlmişkən onu da deyim ki, bu bölgənin yolunu tanımayan şəxslər baş verənlərdən xəbərsiz olduqları halda özlərindən uydurma hadisələr düzəldirlər. Yazanlar da az deyil. Hər bir şəxs həqiqəti deməli, haqqa qiymət verməlidir. Axı gələcək övladlarımız DQMV-də və eləcə də, Xocalıda olmuş hadisələrə və onun şəxsən iştirakçılarına əldə etdiyi qəzet, jurnal, kitablara qiymət verəcək, tarixi sənəd kimi inanacaqlar. Hazırda elə adamlara rast gəlirsən ki, heç DQMV-də, Xocalıda, Şuşada olmaya-olmaya kitablar yazır, qəzetlərdə, televiziya verilişlərində operativ çıxışlar edirlər.
1991-ci ilin 18 sentyabrında Xocalı şəhər milis şöbəsinə rəsmi məlumat gəldi ki, 20 sentyabr 1991-ci ildə Azərbaycanın, Rusiyanın və Qazaxıstanın dövlət rəhbərləri DQMV münaqişəsinin həlli ilə bağlı Stepanakertə gələcəklər. Mən Xocalı şəhər polis rəisi kimi dərhal şəxsi heyəti yığıb, qonaqların mühafizəsi üzrə planla tanış etdim. Nəhayət, 21 sentyabr 1991-ci il tarixində Rusiya prezidenti Boris Yeltsin, Qazaxıstan prezidenti Nazarbayev, Azərbaycan prezidenti Ayaz Mütəllibov, Azərbaycan Respublikasının Daxili İşlər Naziri M.Əsədov və başqa nümayəndələr hərbi vertolyotla Xocalı hava limanına endilər. Dövlət rəhbərlərinin iştirakı ilə ermənilərlə görüş keçirildi. Ermənilər bir neçə dəfə təxribar törədib görüşü pozmağa çalışdılar. Bu baxımdan da demək olar ki, görüş nəticəsiz başa çatdı.
Həmin vertolyotda Azərbaycan kinostudiyasının operatoru Elxan Əliyev, Teleradio şirkətinin əməkdaşı Nadejda İsmayılovna, İstanbulda çıxan "Zaman" qəzetinin müxbiri Yılmaz Polad və onlardan başqa iki qadın da var idi. Onları xidməti maşında apardım. Mənimlə Xocalı polis bölməsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkili Hafiz Adilov da gəldi. Ermənilər bu zaman mitinq edir, öz dillərində söyüş söyürdülər. İzdihamın içi ilə adamları yara-yara keçdiyimiz müddətdə erməni arvadları bizim azərbaycanlı olduğumuzu bilən kimi türk Yılmaz Poladın üst-başını cırıq-cırıq etdilər. Həmin vaxt ermənilər operator Elxan Əliyevi oğurladılar. Onlar bizim hər birimizi girov götürmək istəyirdilər. Bizimlə olan jurnalist Nadejda İsmayılovna yuxarı qalxıb rəhbərliyə məruzə etdi. Mikrafon vasitəsilə ermənilərə ultimatum verildi ki, elə bu dəqiqə Elxan Əliyevi gətirməlidirlər. Yoxsa, biz DQMV barədə heç bir söz deməyəcəyik, fikir söyləməyəcəyik. Bir müddətdən sonra Elxan Əliyev azad edildi.
- Həmin vaxt ermənilər Polyaniçkonun azərbaycanlı sürücülərini də qətlə yetiriblər. Cinayəti törədənlər tapıldımı?
- Ermənilər V.Polyaniçkonun sürücüsü, Xocalı sakini olan Vahid və Habili Əsgəran rayonunun düz ortasında qətlə yetirdilər. Elə, həmin gün Şuşa-Ağdam avtomobil yolu ermənilər tərəfindən düz Əsgəran qalasının keçidində betonla bağlanıldı. Artıq maşınla gediş-gəliş yox idi. Xocalı, Əsgəran, Noraguh, Mehdikənd, Bozdağ, Daşbulaq, Naxçivanik, Həsənabad, Kətik, Dahrab və s. kəndlər ermənilər tərəfindən "üzük qaşı" kimi mühasirəyə almaqda davam edirdi.
1992-ci il yanvar ayının 30-u idi. DİN–ə getmişdim. Orada rəhmətlik Əlif Hacıyevlə rastlaşdım. Əliflə söhbət zamanı məlum oldu ki, o Gəncəyə vertolyot məsələsini həll etməyə gedəcək. Mən isə DİN-dən aldığım hərbi sursatı Ağdama, oradan da Xocalıya aparmalı idim. Ağdam rayonuna gədikdən sonra Əlifdən bir xəbər çıxmadığını görcək, vertolyotla aparmaq qərarına gəldim.
Nəhayət, çox çətinliklə də olsa, DİN-in xətti ilə DQMV Dİİ-in rəisi müavini işləmiş, o vaxt sərəncamda olan polkovnik Sadir Məmmədovun köməkliyi ilə vertolyot əldə edə bildik. DQMV-də vəziyyət get-gedə pisləşirdi. Biz, polis əməkdaşları Əsəgərana, Xankəndinə iclaslara gedəndə və gələndə hər an qətlə yetiriləcəyimizi düşünürdük. O vaxt belə yolla çox adam oğurlayıb girov götürürdülər. Həsənabad, Malıbəyli, Quşçular kəndləri yandırılıb dağıldığı üçün artıq Xocalının da işğal edilməsi təhlükəsi yaranırdı. Artıq yaralıları nəinki müalicə etmək və hətta Xocalıdan çıxarmaq belə çox çətin idi. Ərazi döyüşlərinin birində Xocalı sakini Felmarın aldığı güllə yarası ayağından qanqrenaya səbəb oldu. 1992 cı il fevralın 13-də Xocalıya bir ədəd Mİ-26, üç ədəd qoruyucu "Krakadil" vertolyotlarının müşayətilə Felmarı və digər yaralıları Bakıya yola sala bildik.
- Deməli erməni-rus hərbi birləşmələrinə qarşı qeyri-bərabər müharibədə digər torpaqlarımız kimi Xocalı da işğal edildi və əhaliyə qarşı soyqırımı aktı törədildi?
- Bəli erməni-rus hərbi birləşmələri Xocalıya bir neçə istiqamətdə hücum etdilər. Köçaryanın, Sarkisyanın, Ohanyanın və rus alayının komandirlərinin başçılığı ilə Xocalı şəhəri güclü top atəşinə məruz qaldı. Qeyri-bərabər döyüşdə Xocalı şəhər polisi də düşmənə qarşı ölüm-dirim savaşı aparıb, onlara sarsıdıcı zərbələr endirdi. Amma nə edək ki, düşmən hərbi texnika və qüvvə baxımından bizdən bir neçə dəfə çox olduğundan Xocalı şəhəri işğal edildi.
Ermənilər Xocalıda bəşəriyyətin ən qəddar cinayətlərindən olan soyqrımını törətdi. Xocalı soyqrımı nəticəsində dinc sakinlər, o cümlədən qocalardan, uşaqlardan ibarət meşədə 613 nəfər erməni cəlladları tərəfindən güllə boran edilib və 1725 nəfər girov götürülüb,150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Ermənilərin törətdiyi Xocalı soyqrımı bəşəriyyətə və insanlığa qarşı bir cinayətdir. Bu cinayət isə cəzasız qala bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB