"Xocalı soyqırımı öz miqyasına görə xalqımıza qarşı törədilən cinayətlərin ən dəhşətlisidir". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov Xocalı soyqırımı ilə bağlı fikirlərini bildirərkən qeyd edib.
"Bu, insanlığa qarşı cinayətdir"-deyə bildirən Mirkazım Kazımov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib: "Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib".
Millət vəkili işğal altında olan ərazilərin düşmən tapdağından tezliklə azad olunacağını da vurğulayıb: "Biz əminik ki, dövlətimizin ərazi bütövlüyü təmin ediləcək, Xocalı soyqırımının da, digər cinayətlərin də törədilməsində əli olan insanlar öz layiqli cəzalarını alacaqlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz dinamik inkişaf edir və hərbi qüdrətini artırır. Bu gün Azərbaycan bölgənin lider dövlətidir. Ermənistan heç bir sahədə özünü Azərbaycanla müqayisə edə bilməz. Eyni zamanda, işğalçı dövlətə göstərilən təzyiq də güclənməkdədir. Bütün bunlar sülh danışıqlarında Azərbaycanın mövqelərini daha da möhkəmləndirir".
"Bu günlərdə İran İslam Respublikasında keçirilən İslam Əməkdaşlıq Təşkilatının konfransında da bu məsələ müzakirə edilərək təşkilata üzv olan dövlətlər tərəfindən Xocalı soyqırımı qəbul edilib"-deyən Milli Məclisin deputatı qeyd edib ki, bu istiqamətdə işlər bundan sonra da aparılacaq: "Xocalı soyqırımının dünyaya tanıdılması işində hər bir azərbaycanlı yaxından iştirak etməklə Azərbaycanın haqq səsini eşitdirə bilər. Ona görə də bizlər vətəndaş kimi bu məsuliyyətin də öhdəsindən uğurla gələcəyik".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB