Bu gün Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar!" devizi altında təntənəli mərasim keçirilib. SİA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHDÇX) və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl döyüşçülərin işi üzrə Komitənin sədri Ruslan Auşev, Azərbaycan Respublikası Prezident Administrasiyasının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin nümayəndələri, millət vəkilləri iştirak ediblər.
Tədbirdən öncə təltifetmə mərasimi keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov və MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev təltif edilən 200-ə yaxın veterana "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" yubiley medalını təqdim ediblər.
Mərasimdə bildirilib ki, Əfqanıstan müharibəsində Azərbaycandan 208 nəfər həlak olub, 6 nəfər itkin düşüb, 400-dən çox insan əlil olub. Azərbaycanın Əfqanıstan veteranlarının 4500 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş döyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xüsusi fəallıq göstərib ilk xüsusi təyinatlı batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşüb. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb".
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov vurğulayıb ki, Azərbaycanın həll edilməyən bir əsas problemi var: "Bu, Dağlıq Qarabağ problemidir. Azərbaycan torpaqlarının bir hissəsi təcavüzkar Ermənistan tərəfindən işğal olunub. Bu müharibədə minlərlə soydaşımızı itirmişik. Lakin dünya hələ də susur. Qəbul edilmiş beynəlxalq qərarlar icra olunmur. Ermənistan məkrli siyasətindən, iddialarından əl çəkmir. Ancaq birmənalı olaraq Ermənistan və onların havadarları bilməlidirlər ki, gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci bir erməni dövlətinin yaranmasına rəvac verməyəcək. Torpaqlarımızı işğaldan azad etməyə həm iqtisadi, həm də hərbi gücümüz yetərincədir. Ancaq Azərbaycan bu problemin beynəlxalq müstəvidə, beynəlxalq hüqqu əsasında həllini zəruri hesab edir".
A.Rəhimov fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı da danışaraq deyib ki, bu faciə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş terror aktıdır: "Təəssüf ki, Xocalı soyqırımının ideya müəllifləri əlləri günahsız insanların, qadınların, qocaların, uşaqların qanlarına bulaşmış cinayətkalar hələ də müttəhim kürsüsündə əyləşməyiblər. Ancaq biz haqqın, ədalətin qələbə çalacağına inanırıq".
SHDÇX-nin rəisi bildirib ki, digər müharibə veteranları kimi Azərbaycan Əfqanıstan müharibəsi veteranları da qəhrəmanlıq nümunələri üçün örnəkdir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif olunduğunu deyən MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləl hərbçilərin işi üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri, general-leytenant Ruslan Auşev bu anın onun üçün unudulmaz olduğunu vurğulayıb: "Mən bu gün ən yaxşı ordenlərdən biri ilə təltif olunmuşam. Fikrimcə, iki ən ali mükafat var. Bunlar hərbçilər üçün "İgidliyə görə" medalı, siyasətçi üçün isə "Dostluq" ordenidir. Mən son dəfə Azərbaycanda 5 il əvvəl olmuşdum. Bu illər ərzində baş verən dəyişikliklər məni heyrətləndirdi. Əgər siz belə sürətlə getsəniz, o zaman Dubaya əlvida!"
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirib ki, hazırda Azərbaycanda Əfqanıstan Veteranları İB-nin 59 şöbəsi fəaliyyət göstərir: "Qeydiyyata 400-dən çox Əfqanıstan müharibəsi əlili alınıb. Sovet qoşunlarının yad ölkədən çıxarılması günü həm də Əfqanıstan Veteranları ictimai birliyinin yaradılması tarixidir. Bu 25 il ərzində "əfqanlar" Qarabağ torpaqları uğrunda rəşadətlə vuruşublar, şəhid olanlar və yaralananlar var. Digərləri isə dinc quruculuq işlərində fəallıq göstəriblər. Sosial Müdafiə Nazirliyi, Səfərbərlik və Çağırış İdarəsi, Müdafiə Nazirliyi bu qrupdan olan vətəndaşlara diqqət göstərib".
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə sonda tədbirin təşkilatçılarına öz dərin təşəkkürünü bildirib. PA rəsmisi bildirib ki, Azərbaycan dövləti sizin qayğınızdadır və bundan sonra da qayğınızı çəkəcək. Siz Azərbaycan üçün gərəkli vətəndaşlarsınız. Əminəm ki, sizin təcrübənizdən biz Azərbaycanın, bu günkü yeni nəslin, gənc nəslin formalaşmasında, hərbi vətənpərvərlik təcrübəsində istifadə edirik və bundan sonra da istifadə edəcəyik" .
Xatırladaq ki, 1979-1989-cu illər Əfqanıstan müharibəsində Azərbaycandan 7 500 döyüşçü iştirak edib. Onlardan 208 nəfər həlak olub, 450 hərbçi evinə əlil kimi qayıdıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB