Aydın Mirzəzadə: “Xocalı soyqırımını törətməklə ermənilər özlərinin daxili simasını açdılar”

Aydın Mirzəzadə: “Xocalı soyqırımını törətməklə ermənilər özlərinin daxili simasını açdılar”

"Vaxtilə ancaq Azərbaycan xalqının faciəsi olan Xocalı soyqırımı zaman keçdikcə bəşəriyyətin ən ağır insan faciələri siyahısında önəmli yerlərdən birini tutub". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Xocalı soyqırımı haqqında fikirlərini bildirərkən deyib.

"Bu gün Xocalı soyqırımı İkinci dünya müharibəsində yəhudilərə qarşı alman faşistlərinin törətdiyi faciələr ilə yanaşı çəkilir" - deyə bildirən millət vəkili onu da qeyd etdi ki, erməni hərbi dəstələrinin Xocalı soyqırımını törətməkdə məqsədi ilk növbədə Azərbaycan xalqında bir xof yaratmaq, hakimiyyətsizliyin hökm sürdüyü və perspektivi görünməyən bir bölgədə qısa zamanda Azərbaycan torpaqlarına sahib olmaq idi: "Silahı olmayan, digər ərazilərlə əlaqəsi kəsilən, mühasirə vəziyyətində olan dinc bir şəhərin əhalisinin, sadəcə olaraq, humanitar bir koridor yaratmaqla oradan çıxarılmasına şərait yaratmaq olardı. Ancaq dinc şəhərə gecə vaxtı böyük bir hərbi hissənin bütün texnikasını tökməklə ahılları, qadınları, uşaqları vəhşicəsinə öldürməklə erməni millətçiləri faktiki olaraq özlərinin daxili simasını açmış oldular".

Millət vəkili onu da qeyd etdi ki, bu gün Xocalı soyqırımının dünyada tanıdılması üçün bir sıra uğurlu nəticələr əldə olunub: "İlk öncə, bu istiqamətdə dövlətin, Prezident İlham Əliyev cənablarının fəaliyyətini vurğulamaq lazımdır. Çünki Xocalı soyqırımının dünyaya tanıdılması üçün dövlətin atdığı hər bir addım çox önəmlidir. Əlbəttə ki, bu istiqamətdə Heydər Əliyev Fondunun da uğurlu fəaliyyətini qeyd etmək lazımdır. Fondun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bu istiqamətdə apardığı işlər, eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Xanım Əliyevanın 2009-cu ildən başlatdığı "Xocalıya ədalət" kampaniyasını reallaşdırması əldə edilən uğurların sırf göstəricisidir. Məhz bu kimi işlərin aparılması nəticəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində uğurlar əldə edildi. Bir çox dövlətlərin parlamentləri Xocalı faciəsini soyqırımı kimi qəbul etdilər. Əlbəttə ki, bu işlər bundan sonra da davam etdiriləcək və dünya Xocalı həqiqətləri haqqında daha geniş şəkildə məlumat alacaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə