“Xocalı soyqırımı – bəşəriyyətə qarşı cinayət” YENİLƏNİB

“Səs” qəzetinin redaksiyasında keçirilən dəyirmi masada 1992-ci ildə ermənilərin törətdiyi soyqırımı barədə müzakirələr aparılıb
“Xocalı soyqırımı – bəşəriyyətə qarşı cinayət” YENİLƏNİB

Bu gün "Səs" qəzetinin redaksiyasında Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar "Xocalı soyqırımı – bəşəriyyətə qarşı cinayət" mövzusunda "dəyirmi masa" keçirilib.

"Dəyirmi masa"da Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, Xocalı Rayon İcra hakimiyyəti başçısının müavini Vahid Əliyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partyiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Xocalı Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Xəlil Vəliyev, Xocalı Rayon Polis Şöbəsinin ilk polis rəisi Sabir Məmmədov, tanınmış telejurnalist Nadejda İsmayılova, Azərbaycan Dövət Pedaqoji Universitetinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru İbadulla Məmmədov, Əsgəran rayon polis şöbəsinin keçmiş polis əməkdaşı Teymur Manafov, Şamaxı rayon icra qrupunun icra məmuru, ədliyyə müşaviri Hafiz Ədilov və Xocalı şəhər sakini Arif Əzimov iştirak ediblər.

"Dəyirmi masa" iştirakçıları ilk öncə Xocalı soyqırımında həyatlarını itirmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Daha sonra tədbir iştirakçıları məşum gecədə dişlərinə qədər silahlanmış erməni-rus hərbi birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşilik barədə söz açdılar. Qeyd olunub ki, Xocalı soyqırımı nəinki azərbaycanlılara, eləcə də bəşəriyyətə qarşı işlədilmiş ən qanlı cinayət hadisəsidir.

"Dəyirmi masa" iştirakçıları Xocalı soyqırımının dünyaya tanıdılması, təbliği istiqamətində hazırda dövlət rəhbərliyi tərəfindən aparılan məqsədyönlü işləri yüksək dəyərləndirdilər.

İbadulla Məmmədov çıxışında qeyd edib ki, Xocalı faciəsi bizim tariximizin ən ağır səhifələrindəndir: "Azərbaycan yenicə müstəqillik qazandığı bir məqamda bu faciənin baş verməsi xalqımıza qarşı törədilən soyqırımı aktlarından biri və unudulmazıdir. Həmin vaxtlarda ermənilərin fəallaşmasının əsas səbəbi yenicə müstəqillik qazanmış Azərbaycanın bundan məhrum edilməsi idi. Ermənilər həmişə Rusiyanın nökəri olub. O zamankı Azərbaycan rəhbərliyi də düzgün mövqe nümayiş etdirmədiyi üçün xalqımızın başına bu faciə gəldi. Eyni zamanda, Azərbaycanın daxilində olan qüvvələrin də şəxsi ambisiya əsasında apardıqları mübarizə ölkədə siyasi sabitliyin pozulmasına gətirib çıxarıb. Baş verən bütün bu hadisələrdə ermənilər rusların köməkliyi ilə öz çirkin niyyətlərini həyata keçirməyə çalışdılar".

Millət vəkili Aydın Mirzəzadə isə çıxışında vurğulayıb ki, Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan torpaqlarını zorla Azərbaycandan alıb Ermənistana birləşdirməsi siyasətində xüsusi bir mərhələ idi: "Əgər hadisə Xocalıda baş verməsəydi, Azərbaycanın hər hansı bir yaşayış məntəqəsində bu hadisə baş verməli idi. Ermənistandan fərqli olaraq həmin dövrdə Azərbaycan siyasi rəhbərliyinin Azərbaycan xalqının milli maraqlarını güdməməsi sonda bir çox faciələrə - o cümlədən, Xocalı soyqırımına gətirib çıxardı. Bəzən biz hadisələri Xocalı soyqırımına diqqət veririk. Lakin bu soyqırıma qədər Dağlıq Qarabağda azərbaycanlılar yaşayan məkanlarda belə hadisələr çox baş verib. Məsələn, Kəlbəcər faciəsi, Xocalıda Çəmənli faciəsi, Qaradağlı faciəsi, onlarla və yüzlərlə belə faciələr baş vermiş və orada yüzlərlə insanlar həlak olmuşdu. Ermənilər bu hadisəni hazırlayanda, bir çox məsələləri, o cümlədən, Azərbaycanda olan siyasi rəhbərliyi - konkret olaraq prezident vəzifəsini daşıyan Ayaz Mütəllibovun ölkənin idarə etməsində zəifliyi, Azərbaycan maraqlarından çox qeyri-maraqları güdməsi, erməni millətçilərinə qarşı vahid cəbhə yarada bilməməsi faktorları nəzərə alınmışdı. Onlar məlumatlı idilər ki, Azərbaycan ordusu deyilən bir qüvvə yoxdur, dinc əhalinin qorunması və təhlükəsizliyi üçün heç bir addım atılmır. O da bəlli idi ki, əhalinin bu müdafiəsi yaşayış yerlərini müəyyən etdikləri özünümüdafiə qüvvəsi nəticəsində aparılırdı. Eyni zamanda, siyasi rəhbərlik Azərbaycanın inkişafı ilə bağlı düşünülmüş bir siyasətə malik olmayanda və sovet imperiyası əhval-ruhiyyəsi ilə yaşayanda, sözsüz ki, sonda ciddi faciənin, o cümlədən, Xocalı faciəsinin baş verməsinə gəlib çıxmalı idi".

Vahid Əliyev Xocalı faciəsi ilə bağlı fikirlərini bildirərkən dedi ki, artıq burada hadisənin baş vermə səbəbi və bu faciənin baş verməsinə gedən yolla bağlı danışıldı: "Qeyd edim ki, Xocal faciəsi bir günün, bir anın hadisəsi deyil. Tarixə nəzər salsaq, Azərbaycanın torpaqları hesabına Ermənistan öz ərazisini və dövlətini genişləndirməyə çalışıb və bu da zaman-zaman baş verib. Artıq elə bir zaman gəlib ki, Ermənistan yaranmış siyasi müharitdən istifadə edib. Xüsusilə, Rusiya Azərbaycanda yaranmış bu vəziyyətin ağır vaxtında Ermənistandan istifadə edərək, Xocalı soyqırımını və digər soyqırımları yaradıb. Qalardı ki, Xocalı soyqırımı baş verə bilərdi və ya baş verməzdi sualına cavab olaraq onu deyə bilərəm ki, bu ssenari rusların əli ilə hazırlanmış, ermənilərin adları ilə həyata keçirilən böyük bir faciə idi. Biz deyirik ki, torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edilib. Bu, ermənilərin yox, rusların dəstəyi ilə baş verib. Nəticədə isə, Dağlıq Qarabağ işğalçı Ermənistanın əlinə keçərək, soydaşlarımız öz doğma yurd-yuvalarından didərgin düşdülər".

Jurnalist Nadejda İsmayılova isə çıxış edərək bildirib ki, Xocalı hadisəsi baş verdiyi günün səhərisi faciənin şahidi olub: "Həmin vaxtlar çox ağır günlər idi. Azərbaycana rəhbərlik edən Ayaz Mütəllibov öz prezident kürsüsünü müdafiə etmək və qurmaq istəyində idi. Azərbaycan xalqının başına gətirilən bu hadisələrə o qədər reaksiya vermirdi. Biz çəkiliş qrupu ilə ayın 28-də Xocalıda olduq. İlk qarşımıza çıxan meyitlə dolu olan maşın oldu. 1992-ci il 28 fevral və 1-2 mart tarixləri həyatımda ən ürəkağrıdan və yaraları göynədən bir tarix oldu. Hər dəfə o günləri unutmaq istəsəm də, unuda bilmirəm. Çünki mən Xocalını matəm mühitində olduğunu gördüm. Hər yerdə qan, ölən insanlar adamı dəli olmaq vəziyyətinə gətirib çıxarırdı. Ölənlərin içində uşaq, böyük, qocaları görəndə çəkiliş etməyi də unudurduq, çünki insanların harayı, göz yaşlarına dözmək olmurdu. Bütün şəhər sanki ölmüşdü. Lakin buna baxmayaraq, biz bunları çəkmək iqtidarında idik. Bu hadisənin baş verməsi ilə bağlı insan müqəddəratını həll edən suallar versək də, biz onların cavabını alda bilmirdik. Martın 4-də efirə çıxarkən, bu sualları da orada səsləndirdik, lakin cavabını yenə də ala bilmədik. Doğrudur, Xocalı faciəsi xalqımızın qəlbində həmişə tarixi bir faciə kimi xatırlanır və xatırlanacaq. Hər dəfə biz bu tarixi günlə bağlı fikirlərimizi bildirdikdə, yenidən o faciəyə qayıdırıq. Lakin bu faciənin baş verməsi səbəbinin cavabını hələ də ala bilmirik. Ancaq inanırıq ki, bu faciəni törədənlər öz cəzasını alacaqlar".

Sabir Məmmədov qeyd edib ki, XX əsrin ən böyük faciələrindən biri olan Xocalı faciəsi təsadüfən baş vermiş bir hadisə olmayıb: "Məlum olduğu kimi, 1988-ci ildən başlayaraq, Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayətində olan ermənilərin Azərbaycandan ayrılaraq, Ermənistana birləşdirilməsi haqqında qərarın qəbul olunmasına nail oldu. Nəticədə Azərbaycana qarşı Dağlıq Qarabağda iğtişaşlar gücləndi. Qeyd edim ki, Azərbaycanın dilbər guşələrindən biri olan və artıq o zaman şəhər statusu almış Xocalı alınmaz bir qalaya çevrilmişdi. Çünki Xocalı əhalisi öz dədə-baba torpaqlarını çox mərd və cəsurluqla müdafiə edirdilər. Dağlıq Qarabağ ətrafında gedən müharibənin getdikcə əhatə dairəsi daralırdı. Davamlı şəkildə Xocalıdan və ətraf rayonlardan mərkəzə, o zamankı hakimiyyətə məlumatlar verilirdi ki, vəziyyət getdikcə pisləşir. O zamankı mərkəzi hakimiyyət isə bu məsələlərdə tamam fərqli mövqe tuturdu. Eyni zamanda, onlar Xocalı əhalisinə heç bir ciddi yardım göstərmək niyyətində deyildi. Məhz bütün bunların nəticəsi olaraq, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə rusların Xankəndində olan 366-cı motoatıcı alayının bütün hərbi imkanlarından istifadə etməklə Xocalı üzərinə hücum edildi. Onu da qeyd edim ki, bu faciəni törətməzdən əvvəl də 366-cı alay, əslində, Azərbaycanın kəndlərinin atəşə tutulmasında böyük rol oynayırdı. Sonradan könüllü olaraq Azərbaycan tərəfinə keçmiş həmin olayın döyüşçüləri də açıq şəkildə bildiriblər ki, onlara müəyyən dərəcədə pul və digər şirnikləndirici vədlər təklif etməklə, Azərbaycan kəndlərini iriçaplı silahlardan atəşə tuturdu".

YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov isə vurğulayıb ki, həqiqətən də, artıq 22 illiyini qeyd edəcəyimiz Xocalı hadisəsi ilə bağlı beynəlxalq aləmdə hələ də bir susqunluq mövcuddur. Amma bütün bunlara baxmayaraq, cəmiyyətimiz baş vermiş bu faciəni heç vaxt unutmur: "1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni qəddarları tərəfindən Azərbaycan xalqına qarşı Xocalı şəhərində edilən soyqırım faciəsinə, çox təəəssüf ki, o dövrün hakimiyyət nümayəndələri lazımi qiymət verməyə bacarmadılar. Məhz həmin vaxt Naxçıvan MR-in Ali Sovetinin Sədri olan Ulu Öndərimiz Heydər Əliyev Xocalı soyqırımının dəhşətlərinə ilk dəfə öz etiraz səsini bildirmişdi. O dövr məhz ölkə rəhbərliyində təmsil olunan səriştəsiz insanlar ancaq öz şəxsi maraqlarına xidmət edən fəaliyyət istiqamətləri ilə məşğul idilər. Həmin vaxtlar ölkə daxilində ağır bir şəraitin olmasına baxmayaraq, hakimiyyətdə təmsil olunan qüvvələr vəziyyətə nəzarət edə bilmirdilər. Ölkəmizin erməni təcavüzünə məruz qalması, bundan əlavə, digər qonşu dövlətlərlə və xarici dövlətlərlə əlaqələrinin tamamilə kəsilməsi Azərbaycanın mövcudluğu üçün böyük təhlükə yaratmışdır. Bütün bunların davamında isə xalq öz xilas yolunu məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasında görürdü. Xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıdan Ulu Öndərimiz Heydər Əliyev tərəfindən Milli Məclisdə Xocalı soyqırımına siyasi qiymət verilməsi Xocalı soyqırımının insanlığa yönəlmiş bir cinayət olması ilə bağlı konkret mövqe bildirildi. Məhz Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması, fondun Moskva nümayəndəliyinin rəhbəri Leyli Əliyeva tərəfindən "Xocalıya ədalət" kampaniyasının həyata keçirilməsi milli faciəmizin tanıdılması istiqamətində ən mühüm addımlardan hesab olunur. Bundan əlavə, dünyanın bir neçə ölkəsində də bu gün də "Xocalıya ədalət" kampaniyası ilə bağlı işlər aparılır. İnanırıq ki, möhtərəm Prezident İlham Əliyev Cənablarının apardığı uğurlu daxili, xarici siyasət nəticədə ərazi bütövlüyümüzün təmin edilməsinə zəmin yaradacaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə