Mübariz Əhmədoğlu: "Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirlər"

Mübariz Əhmədoğlu: "Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirlər"

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri politoloq Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, son dövrdə baş verən hadisələri şərh edən politoloq söyləyib ki, çox maraqlı və dinamik dövrə başlayırıq.

Onun sözlərinə görə, son dövrlərdə baş verən hadisələr onu deməyə əsas verir ki, sülh danışıqları, belə demək mümkündürsə, sıradan çıxır: "Çox vacib, qəliz dövr hələ qabaqdadır. Son 1 ildə bir çox ekspertlər söyləyirdilər ki, danışıqlar prosesi Soçi Olimpiadasında həllini tapacaq. Ancaq Soçi Olimpiadası artıq başa çatır".

Olimpiada dövründə baş verən hadisələri şərh edən M.Əhmədoğlu söyləyib ki, son günlər baş verən hadisələrdən biri Ramil Səfərovun 10 il bundan qabaq erməni zabitini öldürməsi məsələsinə ermənilərin yanaşmasıdır. Onun sözlərinə görə, ermənilər o zaman öz emosiyalarına qapılıb hərəkət etdilər: "Ömürlük həbs cəzası verdirmək beynəlxalq qanunları pozmaq deməkdir. Onlar Macarıstana zor tətbiq edərək ağır cəza verməyi tələb etdilər. Lakin Azərbaycan bunun əvəzini çıxdı. Qələbə bizim oldu. Dağlıq Qarabağ məsələsində də ermənilər eyni vasitədən istifadə edirlər. İnşaallah bu münaqişə də bizim qələbəmizlə başa çatacaq".

Politoloq qeyd edib ki, bu il ermənilər bir az da qabağa gedərək Dağlıq Qarabağın Ermənistana birləşdirmək istədiklərini daha ciddi şəkildə etiraf etdilər: "Bəri başdan deyək ki, Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin "millətlərin öz müqəddəratını təyinetmə prinsipi" adlandırdığı, əsl adı "xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipi" olan Helsinki Yekun Aktının 8-ci prinsipinin tətbiqinə heç bir ehtiyac yoxdur".

M.Əhmədoğlunun sözlərinə görə, Sovet dövründəki Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) yaşayan ermənilər Ermənistandakı bəzi ermənilərin iştirakı ilə 1987-ci ilin iyununda Moskvaya, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə vilayətin Ermənistana birləşmək mövzusunda müraciət etdilər, ardınca nümayəndə heyəti göndərdilər: "Addımları nəticəsiz qaldıqları üçün yeni imzatoplama kampaniyasına başladılar. Prosesləri intensivləşdirmək üçün Hadrud rayonu ərazisindəki Tarix-Diyarşünaslıq Muzeyində yığıncaqlar keçirdilər. İndi tanınmış siyasətçilər olan İqor Muradyan və Manvel Sərkisyan bir neçə nəfərlə birlikdə muzeyin direktoru A.Mkrtçyanın daimi qonağı olublar. M.Sərkisyan Ermənistan SSR Mədəniyyət Nazirliyinin əməkdaşı idi, arxitektor kimi erməni muzeylərinə "baş çəkirdi". İ.Muradyan isə Ermənistan SSR Statistika Komitəsinin əməkdaşı kimi "Dağlıq Qarabağın iqtisadi göstəricilərini toplamaq" adı ilə tez-tez Dağlıq Qarabağa ezam olunurdu. Fevralın 12-də Hadrudda Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşməsi ilə bağlı ilk mitinq keçirildi. Fevralın 18-də Azərbaycan KP MK Xankəndidə Dağlıq Qarabağ Vilayət Partiya Komitəsində müzakirə keçirdi. Dağlıq Qarabağdakı ermənilər mühəndis M.Mirzoyanın simasında bu məsələdə Ermənistandan gələn saqqallıları günahlandırdılar. Az keçmiş həmin yığıncaqda ilk çıxış edən, erməni saqqallıların ünvanına lənət yağdıran M.Mirzoyan ikinci dəfə söz aldı əvvəlki dediyi fikirlərin əksinə çıxış etdi: "Azərbaycanlılar Dağlıq Qarabağda erməniləri sıxışdırır, Heydər Əliyev Dağlıq Qarabağda texniki-peşə məktəbi açıb ki, Azərbaycanın digər rayonlarından da tərbiyəsiz azərbaycanlı gəncləri Dağlıq Qarabağa gələrək yaşasınlar və erməniləri incitsinlər".

M.Əhmədoğlu bildirib ki, fevralın 20-də DQMV Xalq Deputatları Soveti vilayətin Azərbaycan SSR-dən çıxıb Ermənistan SSR-yə birləşməsi barədə qərar qəbul etdi: "Azərbaycanlılar bu qərara etiraz olaraq fevralın 21-də Əskəranda dinc aksiya başladılar. Qonşu Ağdam rayonun sakinləri onlara dəstək verdi. Ermənilər dinc nümayişə çıxmış 2 azərbaycanlını öldürməklə münaqişənin müasir mərhələsində ilk qanı tökdülər. Beləliklə, 1987-ci ilin iyunundan başlanmış Dağlıq Qarabağ münaqişəsinin hazırlıq mərhələsi ermənilərin qan tökməsi ilə yekunlaşdı. Fransanın "Humanite" qəzetində SSRİ-nin o zamankı rəhbəri M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni A.Aqanbekyanın "Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsini iqtisadi cəhətdən səmərəliliyi"ni əsaslandırması ermənilərin Dağlıq Qarabağ münaqişəsinə hazırlığını bütün dünya erməniliyi səviyyəsində baş tutduğunu deməyə əsas verir.

İndi də ermənilər bildirirlər ki, Dağlıq Qarabağ müstəqil ola bilməz, o Ermənistanın tərkibinə birləşdirilməlidir, tökülən qan bu məqsəd üçündür. Tarix-Diyarşünaslıq muzeyinin direktoru A.Mkrtçyan Ali Sovetin sədri seçildi. Sonradan səhvini başa düşdü. Barışıq niyyətilə Bakıya nümayəndə heyəti ilə gəlmək istəyirdi. R.Koçaryan-S.Sərkisyan cütlüyü əcaib ssenari ilə onun "özünü öldürməsini" təşkil etdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə