ATƏT-in missiyası cəbhə xəttində vəziyyətlə tanış olub

ATƏT-in missiyası cəbhə xəttində vəziyyətlə tanış olub

"Ermənistan silahlı qüvvələrinin son bir ayda cəbhənin Tərtər istiqamətində keçirdiyi hərbi əməliyyatlar zamanı rayonun Qapanlı kəndində onlarla evə güllə dəyib". SİA xəbər verir ki, bu fikirləri təmas xəttində müşahidə aparmaq məqsədi ilə rayona gələn ATƏT-in missiyası ilə görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov səsləndirib.

Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anje Kaspişikin rəhbərlik etdiyi heyət üzvlərinə qarşı tərəfdən atılan və evlərin içinə girən güllələr də göstərilib. Güllələrdən dağılan evlərin pəncərələrinin dam örtüklərinin fotoşəkillərinin də nümayiş etdirildiyi brifinq zamanı nümayəndə heyətinə bildirilib ki, ümumilikdə ötən ilin oktyabr ayının 25-də keçirilən monitorinqdən indiyə qədər 461 dəfə Milli Ordumuzun mövqeləri, 395 dəfə isə mülki əhali atəşə məruz qalıb. Nəticədə bu dövr ərzində 4 hərbçimiz şəhid olub.

Görüşdə o da vurğulanıb ki, Soçi olimpiadası ərəfəsində Azərbaycan və Ermənistan ölkə rəhbərlərinin keçirdiyi görüşdə Olimpiadanın gedişində atəşkəs rejiminə ciddi riayət olunması barədə öhdəlik götürülsə də qarşı tərəf buna riayət etməyib. Prezidentlərin görüşündən bir gün sonra fevralın 6-da Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun bir hərbi qulluqçusu şəhid olub. Rayonun Həsənqaya və Çaylı kəndlərinin ərazisindəki otlaqların snayper və iriçaplı silahlardan atəşə tutulması nəticəsində sakinlərə məxsus mal qara tələf olduğu, əhalinin otlaqlara çıxa bilmədiyi də nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Görüşdən sonra isə ATƏT nümayəndələri təmas xəttində müşahidə aparmaq məqsədi ilə Tərtər-Ağdərə yolunun üzərindəki əraziyə yollanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə