Ermənistanın Azərbaycana qarşı təcavüzü Tehranda müzakirə olunacaq

Ermənistanın Azərbaycana qarşı təcavüzü Tehranda müzakirə olunacaq

"Fevralın 18-19-da Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçiriləcək. Milli Məclisin deputatları Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı tədbirdə iştirak etmək üçün fevralın 14-də İran İslam Respublikasına səfər edəcəklər". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, sessiyanın gündəliyinə qurumun daimi komitələrinin qətnamələrinin təsdiqi, üzv dövlətlər arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, sədrliyin Sudandan İran İslam Respublikasına keçməsi və digər məsələlər daxil edilib: "Tədbir çərçivəsində qurumun İcraiyyə komitəsinin iclası, Siyasi və xarici məsələlər, İqtisadi məsələlər, Qadın, ailə məsələləri və insan haqları, Sivilizasiyalararası və dinlərarası dialoq üzrə komitələrinin toplantıları, habelə müsəlman qadın parlamentarilərin konfransı keçiriləcək".

A. Təvəkküloğlu həmçinin qeyd edib ki, yığıncaqlarda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsi, Fələstində, Kiprdə, Kəşmirdə vəziyyət, üzv dövlətlər arasında ticarətin genişləndirilməsi, təbii fəlakətlər nəticəsində yaranmış iqtisadi gərginliyin aradan qaldırılması, Avropada müsəlman miqrant ailələrin sığınacaq problemləri, islam dünyasında uşaq və gənclərin müdafiəsi, qeyri müsəlman dövlətlərdə islam mədəni irsinin qorunması və digər məsələlər ətrafında müzakirələr aparılacaq: Deputatlarımız tədbirlərdə müzakirə olunacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaqlar. Səfər fevralın 20-də başa çatacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə