Spiker Oqtay Əsədov sabah İrana rəsmi səfər edəcək

Spiker Oqtay Əsədov sabah İrana rəsmi səfər edəcək

"Sabah Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərinin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak etmək üçün İran İslam Respublikasına səfər edəcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

A. Təvəkküloğlu onu da qeyd edib ki, Tehranda keçiriləcək İƏT Parlament İttifaqı Konfransının növbəti sessiyasında qurumun daimi komitələrinin qətnamələri təsdiq olunacaq, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq, bir sıra təşkilatı məsələlərə baxılacaq: "Sessiyada parlament nümayəndə heyətləri başçılarının çıxışları nəzərdə tutulub. Əvvəlcədən xəbər verildiyi kimi, MM-in deputatları Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı bu tədbirlərdə iştirak edirlər".

Tədbirlər çərçivəsində Müsəlman Qadın Parlamentarlarının 3-cü konfransı və Fələstinə dair daimi komitənin növbəti iclasının keçiriləcəyini də diqqətə çatdıran mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun sözlərinə görə, səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovun sessiyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə