Hüquq müdafiəçisi: “Xədicə İsmayılova getsin öz işi ilə məşğul olsun ” MÜSAHİBƏ

Hüquq müdafiəçisi: “Xədicə İsmayılova getsin öz işi ilə məşğul olsun ” MÜSAHİBƏ

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun SİA-ya müsahibəsi

- Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı bəzi siyasiləşmiş QHT-lərin xarici dövlətlərə, təşkilatlara "danos" xarakterli məlumatlar ünvanlaması təəssüf doğurmurmu?

- Nə olur olsun, insan gərək həqiqəti desin. Görünür həqiqət bəzi insanlara sərf etmir. Çox təəssüf ki, ölkəmizdə bəzi QHT- lər var ki, hansısa təşkilatın qrantlarına aldanaraq şişirdilmiş, düzgün olmayan məlumatları xarici dövlətlərə ötürürlər. Bu gün bizim komitə BMT, həmçinin Avropa Şurasının eyni adlı komitələri ilə sıx əməkdaşlıq edir. Komitələr arasında fikir mübadilələri aparılır. 2012-ci ildən komitənin "Qaynar xətt"i fəaliyyət göstərir. Birinci il bizə 141 nəfər müraciət edib. Ötən il isə müraciət edənlərin sayı azalaraq 116-a enib. Amma buna baxmayaraq bəzi QHT-lər nəinsə hesabına xarici dövlətlərə Danos xarakterli məlumatlar ünvanlayırlar, həqiqətə uyğun olmayan məlumatları xaricə sızdırırlar. Bizim təşkilat heç zaman siyasi məhbusların siyahısı ilə məşğul olmayıb, olmaq fikri də yoxdur. Lakin ölkəmizdə elə təşkilatlar var ki, onlar bir dəfədə olsun siyasi məhbuslarla bağlı monitorinq aparmayıb, bu barədə heç nə araşdırmayıb, amma xarici təşkilatdan mükafat alırlar. Burdan belə çıxır ki, bu cür təşkilatlar dövlətə qarşı cəsusluq etdiklərinə görə xaricdən mükafat alırlar.

- Xədicə İsmayılovanın sizin də adınızın daxil olduğu "satqınlar siyahısını" ABŞ-a göndərməsini jurnalist peşə etika qaydalarının pozulması ilə yanaşı dövlətə xəyanət kimi qiymətləndirmək olarmı?

- Yaxşısı budur ki, Xədicə İsmayılova getsin öz işi ilə məşğul olsun. O göstərib ki, Elçin Behbudov Azərbaycanın daxili işlər naziri və Azərbaycanın milli təhlükəsizlik naziri ilə əməkdaşlıq edir. Bəli Xədicə İsmayılova orada düz deyir. Əgər bizim təşkilat adları çəkilən nazirliklərlə əməkdaşlıq etməsə, məni onların saxlandığı yerlərə buraxarlarmı, onların saxlandığı yerlərdə monitorinq keçirməyə icazə verərlərmi? Əlbəttə ki, yox. Amma deyəsən Xədicə xanım məlumat yayanda 3 nazirlik yadından çıxıb. Ona görə ki, bizim komitə Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi ilə yanaşı Müdafiə Nazirliyi, Səhiyyə, Təhsil Nazirliyi ilə də sıx əməkdaşlıq edir. Xədicə İsmayılovanın siyasi cəfəngiyatdan başqa bir şey deyil. Buna yalnız bir ad vermək olar. Xədicə İsmayılova ABŞ dövlətinə xəbərçilik etməklə ölkəmizə qarşı cəsusluq edib. Gəlin etiraf edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi fəaliyyət növünə görə, dünya miqyasında tənqidedici təşkilatdır. Haradasa nəsə problem varsa biz tənqid edirik. Bizim komitədən çox işgəncələrdən danışan yoxdur. Belə olan halda bizi qara siyahıya salmaq, ABŞ dövlətinə yalandan Danos vermək düzgün deyil. Mən bu məsələni yalnız cəmiyyətin və ictimaiyyətin ixtiyarına buraxıram. Qoy cəmiyyət özü buna qiymət versin.

- Sizcə, xalqın maraqlarından çıxış etmək, hakimiyyətə işləmək deməkdir?

- Hamımız Azərbaycan vətəndaşıyıq və hər birimiz dövlətimizi sevməliyik. Dövlət insana düşmən deyil, bəzi insanlar dövlətə düşməndir. Dövləti sevmək lazımdır. Şəxsən mən özüm hüquq müdafiəçisi kimi prezident seçkilərində müşahidəçi qismində iştirak etdim . Seçkilər çox düzgün, şəffaf şəkildə keçirildi və xalqımız layiqli namizədə səs verərək onu prezident seçib. Ölkə başçısının gördüyü işlər göz qabağındadır. Düzdür əgər demokratiya varsa, demokratik dövlət yaradılırsa orada problem, nöqsan olmalıdır. Amma ən əsası nöqsanlara düzgün qiymət verib onu aradan qaldırmaqdır. Qara siyahılar hazırlayıb pula və ya vəzifəyə görə hansısa dövlətə qulluq etmək nanəciblikdir.

- Vaxtaşırı olaraq bəzi (Freedoom hause və digər) təşkilatlar Azərbaycanda mətbuat azadlığının olmaması, insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı təəccüb doğuran hesabatlar yayırlar. Milli maraqlardan çıxış edən bir insan kimi sizi bu hesabatlar narahat etmirmi?

- Azərbaycan dövləti yağlı tikədir. Azərbaycan gündən-günə gözəlləşir. 2 il bundan qabaq Bakıda olanlar bu gün paytaxtı tanımırlar. Ölkəmiz bu cür sürətlə inkişaf edir, yaxşı mənada dəyişir. Azərbaycanın bugünkü inkişafı qonşu dövlətləri narahat edir. Belə olan halda həmin dövlətlər müxtəlif hesabatlar vasitəsilə ölkəmizin imicinə ləkə gətirməyə çalışırlar. Lakin bu mümkün deyil. Bəzi xarici qurumlar Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasının ləğv edilməsini istəyirlər. Lakin mən bir hüquq müdafiəçisi kimi məsələnin qəti əleyhinəyəm bununla bağlı dəfələrlə fikir bildirmişəm. Azərbaycan bu gün Ermənistanla müharibə şəraitində olan bir dövlətdir. Ermənistanın özünün də bu cür saxlanma yeri var . Nəyə görə onlara deyil, bizə deyilir? Təbii ki, bu cür məsələləri qaldıranlar Azərbaycanı sevməyən insanlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə