“İctimai fikrin formalaşmasında internetin rolu” mövzusunda seminar keçirilib FOTOLAR

“İctimai fikrin formalaşmasında internetin rolu” mövzusunda seminar keçirilib FOTOLAR

"Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai Birliyində "İctimai fikrin formalaşmasında internetin rolu" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminarın qonağı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov olub.

GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı tədbiri giriş sözü ilə açaraq seminar iştirakçılarını İctimai Birliyin fəaliyyəti, gördüyü işlər haqqında və "İctimai fikrin formalaşmasında internetin rolu" mövzusunda keçirilən seminarın əhəmiyyəti barədə gələn qonaqlara ətraflı məlumat verib.

M. Babaşlı qeyd edib ki, ölkəmiz internetin nüfuzetmə səviyyəsinə görə MDB ölkələri arasında lider mövqeyini qoruyub saxlamaqdadır: "Hal-hazırda bu göstərici təxmini 60-70 faiz təşkil edir ki, bu da növbəti illərdə genişlənərək öz bəhrəsini verəcək və ölkəmizin internet bazarının formalaşmasında mühüm rol oynayacaq. Hamıya məlumdur ki, internetdən istifadə geniş yayıldığına görə artıq mətbuat orqanlarının əksəriyyətinin internet portalı vardır. Bu da sevindirici bir haldır".

Mətbuat Şurasının sədri Əflatun Amaşov seminara dəvət olunduğu üçün İctimai Birliyin rəhbərliyinə təşəkkürünü bildirib. Ə.Amaşov "İctimai fikrin formalaşmasında internetin rolu" mövzusunda belə bir seminarın keçirilməsinin çox əhəmiyyətli olduğunu dilə gətirərək, ölkəmizdə internetin ictimai fikrin formalaşmasındakı rolu barədə məlumat verib. Məruzəçi qeyd edib ki, 2013-cü ilin sentyabrında aparılmış araşdırmaya əsasən, rəyi soruşulanların təqribən 40 faizi informasiya əldə etməyin mənbəyi qismində internetin adını çəkiblər. Eyni sayda respondent televiziyanın əsas informasiya mənbəyi olduğunu düşünür. 13 faiz yazılı mətbuatdan, 7 faizi isə radio vasitəsi ilə informasiya əldə edir.

Ə. Amaşov bildirib ki, Azərbaycanda təqribən 300 internet informasiya resursu fəaliyyət göstərir: "Təkcə 2013-cü ildə Azərbaycanın internet seqmentində 70-ə yaxın internet informasiya portalı yaranıb. Məlum olduğu kimi, 2014-cü ili "İnformasiya ili" elan edilib. 2014-cü ilin sonunadək internet-media ilə bağlı xeyli sayda tədbirlər təşkil olunacaq, internet resurslarının monitorinqi aparılacaq və məlumatlar müntəzəm olaraq ictimaiyyətə təqdim ediləcək. İnternet portallarının sayının artması hazırda bir çox KİV-in ənənəvi kağız daşıyıcılardan internetə miqrasiya etməsi ilə bağlıdır və hazırda 10-dan artıq informasiya portalı Mətbuat Şurasının üzvüdür. Mətbuat şurasına daha 30 elektron KİV-dən müraciət daxil olub".

Mətbuat Şurasının sədri Ə. Amaşov nitqinin sonunda: "Əgər biz İctimai fikrin formalaşmasında internetin daha aktiv rol oynamasını istəyiriksə, ondan düzgün və faydalı istifadə etməliyik", - deyib.

Səmimi şəraitdə baş tutan görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran Ə. Amaşov mövzu ilə bağlı dəyərli tövsiyələrini verib. Görüşün sonunda M. Babaşlı səmimi keçən görüş üçün Əflatun Amaşova təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə