Asim Mollazadə: “Xocalı soyqırımı beynəlxalq hüquq normaları ilə hərbi cinayətdir” AÇIQLAMA

Asim Mollazadə: “Xocalı soyqırımı beynəlxalq hüquq normaları ilə hərbi cinayətdir” AÇIQLAMA

"Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım beynəlxalq hüquq normaları ilə çox ciddi hərbi cinayətdir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.

"Çox təəssüf ki, bu günə kimi də həmin hadisənin günahkarları ədalət məhkəməsinə cəlb olunmayıb. Azərbaycanın tək istəyi "Xocalıya ədalət"i təmin etməkdir. Biz dünyada "Xocalıya ədalət" kampaniyası çərçivəsində beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməliyik. Təbii ki, bu istiqamətdə də çox səmərəli işlər aparılır və bundan sonra da aparılacaq. Hesab edirəm biz bu faciəni bir çox ölkələrin parlamentinə çıxararaq və bunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla "Xocalıya ədalət"i yetərincə təmin etmiş olarıq" – deyə, A.Mollazadə fikrini tamamlayıb.

Xatırladaq ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyev "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən beynəlxalq səviyyədə keçirilən "Xocalıya ədalət" kampaniyasının əhəmiyyəti nəzərə alınaraq, 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.

Qeyd edək ki, bu il fevralın 26-da Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımdan 22 il ötəcək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Soyqırımı aktı nəticəsində 613 Xocalı sakini qətlə yetirilib, 487 nəfər, o cümlədən 76 uşaq yaralanıb, 1275 nəfər əsir götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə