Gürcüstan Prezidenti Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi ilə tanış olub
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili fevralın 13-də Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi ilə tanış olub.
Gürcüstan dövlətinin başçısına məlumat verilib ki, Kompleksin inşasının birinci mərhələsi ötən ay başa çatıb və Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bildirilib ki, bu kompleks Azərbaycanda turizmin yeni istiqamətinin meydana çıxması baxımından xüsusi əhəmiyyətə malikdir. Layihə çərçivəsində indiyədək kompleksdə nəhəng infrastruktur yaradılıb, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülüb. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Xizək kompleksinə yaxın ərazidə "Qolf resort" idman və istirahət mərkəzinin tikintisi də nəzərdə tutulub.
Qeyd edilib ki, kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunub, on xizək yolundan beşində inşaat işləri başa çatıb. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Artıq bu mövsümdə kompleksə gələn turistlər kanat xətlərində gəzinti, xizəklə sürüşmək və iaşə obyektlərinin xidmətlərindən istifadə edirlər. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da istifadəyə verilib. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı turistlərə ilin bütün fəsillərində xidmət göstərəcək.
Ali qonağa məlumat verilib ki, kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilib. Bütünlükdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün də hərtərəfli imkanlar açır.
Sonra Gürcüstan Prezidenti "Riverside" kanat xəttinin aşağı stansiyasında olmuş, orada yaradılmış şəraitlə maraqlanıb. Məlumat verilib ki, burada turistlərin istirahəti üçün hər cür şərait yaradılıb, xizəklərin satışı və kirayəsi xidmətlərini göstərən ayrıca bölmə qurulub. Bundan əlavə, ərazidə idman malları mağazası və kafe də fəaliyyət göstərir.
Daha sonra Prezident Georgi Marqvelaşvili kanat xətti ilə gəzintiyə çıxıb.
Gürcüstan Prezidentinə Qəbələ şəhərinin tarixi, rayonda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr və bütün sahələrdə əldə edilən uğurlar, aparılan tikinti-quruculuq və abadlıq işləri haqqında ətraflı məlumat verilib.
Ali qonaq Qəbələyə səfəri çərçivəsində rayonda yaradılmış digər müasir turizm infrastrukturları ilə də tanış olub.
Gürcüstan Prezidentinə məlumat verilib ki, bu gün Azərbaycanda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələnin simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında mühüm rol oynayır. Beynəlxalq və irimiqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir.
Qəbələyə səfərini başa çatdıran Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Qax rayonuna yola düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB