İlham Əliyev: “Gürcüstan və Azərbaycan regional və kontinental məsələlərdə mühüm rol oynayır”
"Biz ikitərəfli əlaqələrimizi bütün istiqamətlərdə fəal inkişaf etdirmək niyyətindəyik. Bu gün biz bir növ görülən işləri təhlil etdik və gələcək üçün əlaqələrin inkişaf yollarını müəyyənləşdirdik". Bu fikirləri Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin şərəfinə verilmiş rəsmi ziyafətdə deyib.
Prezident İlham Əliyev bildirib ki, birinci növbədə qarşılıqlı siyasi fəaliyyətin möhkəmləndirilməsi, beynəlxalq təsisatlarda qarşılıqlı dəstək, mühüm qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına sadiqlik - bunlar çox vacib məsələlərdir: "Çünki Gürcüstan və Azərbaycan bu məsələlərdə - onun əlaqələndirilməsində, qarşılıqlı fəaliyyətində və qarşılıqlı dəstəkdə çox mühüm rol oynayırlar. Artıq regional çərçivədən kənara çıxan layihələrin reallaşdırılmasında bütün bunlar çox vacibdir.
Əminəm ki, energetika sahəsində, nəqliyyat, kommunikasiya infrastrukturlarında biz qarşıdakı illərdə daha böyük uğurlara nail olacağıq. Biz, həmçinin iqtisadi əlaqələrin inkişafı perspektivlərini müzakirə etdik. Hesab edirəm ki, əmtəə dövriyyəsinin artırılması üçün yaxşı imkanlar vardır. Ölkələrimizin potensialından daha geniş istifadə etmək və sahibkarlara daha yaxşı şərait yaratmaq lazımdır ki, onlar bazarın tələblərinə uyğun olaraq istehsal edilən məhsulların ixracını artırsınlar. Artıq investisiya layihələri həyata keçirilir. Gələcək üçün də perspektivlər vardır.
Hesab edirəm ki, qarşıdakı illərdə biz daha böyük həcmdə investisiyalar yatıracağıq. Bununla da iqtisadiyyatlarımızın daha çox inteqrasiya etməsinə təkan verəcəyik. Bütövlükdə humanitar əməkdaşlıq da daxil olmaqla müzakirə edilən bütün məsələlərdə bizdə qarşılıqlı anlaşma, münasibətlərimizin perspektivinə dəqiq nöqteyi-nəzər mövcuddur. Əsas odur ki, Gürcüstan və Azərbaycan bu gün iki müstəqil dövlət kimi regional və kontinental məsələlərdə mühüm rol oynayır. Bu qarşılıqlı fəaliyyətin bünövrəsi isə əlbəttə ki, xalqlarımızın arasındakı münasibətdir. Əsrlər boyu xalqlarımız qonşu yaşayıblar, hər zaman bir-birinə dayaq olublar, bir-birini dəstəkləyiblər və gələcəkdə də belə dostluq və anlaşma şəraitində yaşayacaqlar. Bu, bizim qoruya bildiyimiz əsas sərvətdir və biz bunu gələcəkdə daha da zənginləşdirəcəyik.
Əlbəttə xalqlarımız görəndə ki, dövlət rəhbərləri oxşar, eyni mövqeyə malikdirlər və bir-birlərini dəstəkləyirlər bu da, həmçinin onlar üçün qarşılıqlı fəaliyyətin bütün səviyyələrində münasibətlərin möhkəmləndirilməsi və inkişafı üçün yeni imkanlar yaratmaq baxımından yaxşı işarədir. Bizim uğurlu gələcəyimiz yalnız sıx qarşılıqlı fəaliyyət sayəsində mümkündür. Bu məsələlərdə baxışlarımız tam vəhdət təşkil edir. Əminəm ki, ölkələrimiz inkişaf etmiş dövlətə çevrilmək üçün qarşıya qoyulan məqsədlərə nail olacaqdır.
Bilirəm ki, hazırda Gürcüstanda dövlət rəhbərliyi həyatın bütün sahələrində yaxşı nəticələr verən fəal islahatlara başlayıb. Bu islahatlarda onlara uğurlar arzulamaq istərdim. Əminəm ki, nəzərdə tutulanların hamısı gerçəkləşəcəkdir. Biz də öz tərəfimizdən sizin nailiyyətlərinizə, qələbələrinizə yalnız sevinəcəyik və dost, qardaş kimi həmişə yanınızda olacağıq. Tarixin hökmü belədir. Zənnimcə, bu, tarixin, yəqin, həm də təbiətin xalqlarımıza xoş münasibətidir ki, biz qonşu olmuşuq. Bizim münasibətlərin nümunəsi fikrimcə öyrənilməyə layiqdir. Heç də həmişə, hər qonşu xalqlar Gürcüstan və Azərbaycan dövlətləri və xalqları kimi mehriban dostluq, anlaşma və sülh şəraitində yaşamırlar və iki dövlət kimi qarşılıqlı fəaliyyət göstərmirlər. Bu, elə bir sərvətdir ki, biz bunu qorumalı və saxlamalıyıq, belə də edəcəyik. Bizim insanlarımızın, vətəndaşlarımızın güzəranını daha da yaxşılaşdırmaq, ölkələrimizin isə daha güclü olması üçün birgə işləyəcəyik. Gürcüstana uğurlar, qələbələr və gürcü xalqına tərəqqi arzulayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB