Sədr: "Rusiyanın və Azərbaycanın dövlət sərhədlərinin demarkasiyası ilə bağlı normativ sənədlər hazırlanır"
"Hazırda ekspertlər səviyyəsində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət sərhədlərinin demarkasiyası ilə bağlı normativ sənədlər hazırlanır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.
Onun sözlərinə görə, 2013-cü ildən etibarən Azərbaycanla Rusiya arasındakı dövlət sərhədində demarkasiya üzrə işlərə start verilib: "Belə ki, ötən ilin may ayında Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət sərhədlərinin demarkasiyası ilə bağlı Dövlət Komissiyalarının ilk iclası keçirilib. Hazırda məsələ ilə əlaqədar ekspertlər səviyyəsində normativ sənədlər hazırlanır".
Komitə sədri qeyd edib ki, Azərbaycanla İran arasındakı dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının bərpası və yenidən qurulması) və sahilbərkitmə ilə bağlı müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri aparılıb: "Xəzər dənizinin hüquqi statusunun hazırlanmasında və sektorlara bölməsi işlərində də qurumumuz fəal iştirak edir. Bu günə qədər Xəzər dənizində Azərbaycan, Rusiya və Qazaxıstanın sektorları müəyyən edilmişdir. Digər ölkələr ilə İran və Türkmənistanla Xarici İşlər Nazirliyinin təşkil etdiyi ikitərəfli görüşlərdə mütəxəssislərimiz iştirak edirlər. Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı dövlət sərhədində də delimitasiya ilə bağlı razılaşdırılmamış sahələr üzrə ekspertlər səviyyəsində işlər davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB