Zahid Oruc: “Qəbul ediləcək yeni proqram Azərbaycanın mənzərəsini köklü şəkildə dəyişəcək” AÇIQLAMA
"Son dövrlərdə Azərbaycan bölgələrində yaşayışın köklü şəkildə dəyişdiyinin əyani şahidiyik. Bu dəyişiklik həm statistik rəqəmlərdə, həm də gözlə görüləcək dərəcədə özünü hiss etdirir". Bu sözləri SİA-ya millət vəkili Zahid Oruc regionların sosial-iqtisadi inkişafı ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bütün regionlar kimi onun deputat seçildiyi Bərdə rayonu da bu inkişafdan geridə qalmır: "Bərdə rayonundan deputat seçildiyim üçün bu rayonda baş verən inkişaf haqqında danışmağa daha çox haqqım çatır. Keçmişə nəzər salsaq, Bərdə rayonu hazırda kifayət qədər inkişaf etmiş, müasir bir rayondur. Vaxtilə rayonun infrastrukturu ağır vəziyyətdə idi, ənənəvi iqtisadi əlaqələr məhv olmuş, onların yenidən qurulmasına ehtiyac var idi. Regionlarda aparılan iqtisadi inkişaf nəticəsində bu bölgədə çadır şəhərciyində, vaqon evlərdə, çiy kərpiclərdə məskunlaşan qaçqın və məcburi köçkünlərin həyatı tamamilə dəyişdirilib, onlara Azərbaycan dövləti və onun rəhbəri tərəfindən yaxından qayğı göstərilib. Bu qayğının nəticəsində köçkünlərin 70 faizi müxtəlif şəhər və qəsəbələrə köçürülüb. Rayonun digər problemi onun enerji, istilik, su təchizatı ilə bağlı idi ki, ölkəmizdə aparılan işlər nəticəsində bu problemlər öz həllini tapıb. Əvvəllər Bərdə rayonunda gün ərzində maksimum 4-6 saat elektrik enerjisi verilirdisə, indi bu sektorda görülən işlərin sayəsində əhali gün ərzində elektrik enerjisi ilə təmin olunur. Vaxtilə bu regionda heç bir kənddə qaz sistemi yox idi. Amma indi 64 kənd qazlaşdırılıb. Hazırda bölgədə 756 artezian quyusu var. Onun 400- dən çoxu son dövrdə qazılıb. Köhnələr isə bərpa edilib. Məktəblərin yenidən qurulması sayəsində 18 yeni məktəb tikilib. Onların hər biri əhalinin istifadəsinə verilib. Regionlarda görülən işlərdə məşğulluq sahəsi xüsusi əhəmiyyətə malikdir. Bərdədə də bu sahə ilə bağlı mühüm işlər görülüb, yeni iş yerləri açılıb".
Millət vəkili həmçinin qeyd edib ki, ölkə başçısının 10 il müddətində yürütdüyü sosial-iqtisadi inkişaf strategiyası uğurla özünü göstərib: "Bu illər ərzində görülən işlər Azərbaycan dövlətinin yenidən qurulmasına səbəb olub. Əminəm ki, 2014-cü ildə qəbul ediləcək yeni proqram 2019-cu ilə qədər Azərbaycanın mənzərəsini köklü şəkildə dəyişəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB