Səfir Fuad İsgəndərov Lüksemburq Parlamentinin sədri ilə görüşüb FOTO

Səfir Fuad İsgəndərov Lüksemburq Parlamentinin sədri ilə görüşüb FOTO

Azərbaycan Respublikasının iqamətgahı Brüssel şəhəri olmaqla Lüksemburq Böyük Hersoqluğundakı Fövqəladə və Səlahiyyətli Səfiri Fuad İsgəndərov Lüksemburq Parlamentinin Sədri Mars Di Bartolomeo ilə görüşüb. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfir F.İsgəndərov ilk öncə M.Di Bartalameonu Lüksemburq Parlamentinin Sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun təbrik məktubunu ünvan sahibinə çatdırıb.

F.İsgəndərov parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrə tövhəsinin danılmaz olduğunu diqqətə çatdıraraq, M.Di Bartolomeonu Azərbaycana səfərə dəvət etdi və bu səfərin iki ölkə arasında əlaqələrin intensivləşməsinə səbəb olacağına ümid etdiyini vurğulayıb.

Daha sonra Səfir ölkəmizin regional əhəmiyyəti və ölkəmizdəki ictimai – siyasi vəziyyət barədə ətraflı məlumat verərək, Azərbaycanın daim Avropa ilə Asiya arasında körpü rolunu oynadığını vurğuladı.

Azərbaycanın Lüksemburqla hərtərəfli münasibətlərin intensivləşməsində maraqlı olduğunu diqqətə çatdıran Səfir F.İsgəndərov, qarşılıqlı səfərlərin parlamentlərarası münasibətlərə təkan verəcəyinə əminlik bildirdi.

M.Di Bartolomeo öz növbəsində təbrik və dəvətə görə təşəkkürünü bildirdi, daha əvvəl Azərbaycanda olduğunu və ölkəmizin potensialını nəzərə alaraq, Lüksemburq Hersoqluğu ilə Azərbaycanın müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğuladı.

Səfir Lüksemburq Parlamentinin Sədrinin Azərbaycanla bağlı çoxsaylı suallarına cavab olaraq, Azərbaycanın qonşu ölkələrlə münasibətləri, regionda həyata keçirilən enerji və infrastruktur layihələri, bölgədə yeni təhdidlər və çağırışlar, o cümlədən, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında M.Di Bartolomeoya ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə