Korrupsiyaya qarşı Mübarizə İdarəsində seminar keçirilib FOTO

Korrupsiyaya qarşı Mübarizə İdarəsində seminar keçirilib FOTO

Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində "Korrupsiyaya qarşı mübarizədə prokurorluğun rolu və əsas vəzifələri" mövzusunda seminar keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Baş prokurorun birinci müavini Rüstəm Usubov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, idarənin əməkdaşları, rayon, şəhər və ərazi hərbi prokurorları iştirak ediblər.

Seminardan əvvəl tədbir iştirakçıları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək unudulmaz xatirəsini ehtiramla yad edib, daha sonra bina ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Baş prokurorun birinci müavini Rüstəm Usubov son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən sistemli və davamlı tədbirlər barədə ətraflı məlumat verməklə prokurorluq orqanlarının korrupsiya ilə mübarizəni fəaliyyətinin prioritet xətt kimi müəyyən etdiyini bildirib.

Korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinin zəruriliyini və prokurorluq orqanlarının əməkdaşları qarşısında mühüm vəzifələrin durduğunu bildirən R. Usubov dövlət başçısının siyasi iradəsinə uyğun olaraq bu sahədə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ biləcəklərinə əminliyini ifadə edib.

Tədbirdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov çıxış edərək "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası, o cümlədən prokurorluq orqanları tərəfindən bu sahədə görülən işlər və qarşıda duran vəzifələr, habelə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar gözlənilən nəticələr barədə ətraflı məlumat verib.

Seminarda həmçinin, idarənin şöbə rəisləri Vüqar Əliyev və Elşən Abbasov dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizə ilə bağlı prokurorluq orqanlarının əsas vəzifələri və prokurorluq əməkdaşları tərəfindən Etik Davranış Kodeksinin tələblərinə əməl edilməsinin vəziyyəti barədə çıxışlar ediblər.

İnteraktiv şəraitdə keçirilən tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılan cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə rayon, şəhər və ərazi hərbi prokurorluqları arasında əlaqələrin daha da genişləndirilməsinin, korrupsiyaya qarşı mübarizədə səylərin artırılmasının, birgə istintaq qruplarının yaradılmasının zəruriliyi vurğulanmış və bu sahədə fəaliyyətin daha kəsərli və səmərəli qurulması istiqamətində faydalı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə