“Ermənistanın son addımı münaqişənin dinc yolla tənzimlənməsinə dair ümidləri ciddi şəkildə sarsıdır” AÇIQLAMA
"Gərgin məqamda həmsədrlərin regiona səfəri, bəlkə də gələcəkdə Ermənistanın məsələyə daha həssas yanaşmasına səbəb ola bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, həmsədrlərin regiona səfərinin əsas məqsədi prezidentlər səviyyəsində növbəti görüş təşkil etmək olsa da, görüşlə bağlı hələ ki, konkret məlumat yoxdur.
Politoloq vurğulayıb ki, həmsədrlər atəşkəs rejiminin hansı tərəfdən pozulduğunu yaxşı bilirlər: "Həmsədrlər atəşkəs rejimi ilə bağlı narazılıqlarını dilə gətirsələr də, bununla bağlı Ermənistana heç bir təzyiq və ya xəbərdarlıq etmirlər. Hərçənd ki, onlar bunun hansı tərəfdən pozulduğunu çox yaxşı bilirlər. Bu da o deməkdir ki, onlar bu məsələyə hələ də obyektiv yanaşmırlar. Əgər həmsədrlər həqiqətən də obyektiv yanaşsa, günhkarı dilə gətirsələr, problemin həllində irəliyə doğru addım atıla bilər. Lakin Ermənistan tərəfinin son dəfə atdığı addımlar məsələnin dinc yolla tənzimlənməsinə dair ümidləri ciddi şəkildə sarsıdır".
E. Mirbəşiroğlu həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar və məsələ ilə birbaşa məşğul olan subyektlər ikili standartlardan çıxış edirlər: "Avropa ölkələrinin siyasətinin kökündə insident yaratmaq durur. Baxmayaraq ki onlar beynəlxalq hüquq normalarının aliliyindən danışırlar, əslində isə bu məqamların gözlənməsi onların marağında deyil. Münaqişəyə obyektiv qiymət verməyənlər, elə Avropa ölkələrini təmsil edən təşkilatlardır. Onlar həqiqəti bilə- bilə heç bir addım atmır, status- kvo vəziyyətinin saxlanmasında Ermənistana dəstək olurlar. Bütün bunların fonunda Ermənistan da özünü cəzasızlıq şəraitində hiss edir və işğalçılıq siyasətini davam etdirir. Ermənistan status-kvo vəziyyətinin saxlanmasında maraqlıdır. Çünki onlar nəzarətsiz ərazilərdən qanunsuz işlər üçün istifadə edirlər. Belə olan halda həm Ermənistan, həm də onun Avropadan olan havadarları münaqişənin həlli ilə bağlı konstruktiv mövqe göstərmirlər. Bu da o deməkdir ki, beynəlxalq təşkilatlar və münaqişənin tənzimlənməsi ilə məşğul olan subyektlər ikili standarlardan çıxış edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB