Fərhad Hacıyev: “Bu imkanlar hər bir Azərbaycan vətəndaşı üçün açıqdır” AÇIQLAMA
"Ümumiyyətlə, gənclərin təşkilatlanması Azərbaycanda dövlət gənclər siyasətinin əsas prioritet məsələsidir. Burada həm təşkilatlanma, həm də gənclərin ictimai-siyasi həyatda iştirakı mühüm rola malikdir". Bunu SİA-ya Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.
"Əgər biz nəzər yetirsək görərik ki, son zamanlar dövlət qulluğuna qəbul olunanların 60 faizindən çoxunu gənclər təşkil edir. Hətta Azərbaycan Milli Məclisində çalışanların əksəriyyətini gənclər təşkil edir. Azərbaycanda gənclərin təşkilatlanma prosesinə dövlətimiz çox böyük diqqət yetirir. Gənclər və İdman Nazirliyi tərəfindən hər bir qrant müsabiqəsi zamanı ən əsas məsələlərdən biri də, məhz gənclərin təşkilatlanması prosesidir. Əgər 10 il bundan öncə Azərbaycanda gənclər təşkilatlarının sayı 80 idisə, bu gün 277 təşkilat Gənclər Fondunun saytında qeydiyyatdan keçib. Bu da onu göstərir ki, ölkəmizdə gənclər təşkilatlarının sayı sürətlə artır. Bildiyiniz kimi, Azərbaycan Gənclər Fondu cənab Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılıb. Bu günə kimi 1021 layihə Gənclər Fondu tərəfindən dəstəklənib" – deyə, F.Hacıyev deyib.
İcraçı direktorun sözlərinə görə, Azərbaycan dövləti iqtidar və müxalifyönlü gənclər arasında heç bir fərq qoymur: "Təbii ki, bu imkanlar hər bir Azərbaycan vətəndaşı üçün açıqdır. Əgər hər hansı bir fəaliyyət dövlətin maraqlarına ziddirsə, biz bir dövlət qurumu və eyni zamanda bir vətəndaş kimi bunun əleyhinə olacayıq. Amma gənclərin müxalifət düşərgəsində təşkilatlanması prosesi dedikdə bir qədər qeyri-real anlayış ortaya çıxır. Əgər həqiqətən də onlar tərəfindən belə bir təşkilatlanma varsa, bəs niyə onların ciddi fəaliyyətindən xəbərimiz yoxdur"?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB