"Eldar Namazovun kimləsə görüşünün heç bir əhəmiyyəti yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibi, millət vəkili Siyavuş Novruzov "El" Hərəkatının sədri Eldar Namazovun ABŞ səfiri Riçard Morniqstarla və Fransanın ölkəmizdəki səfiri Paskal Mönye, eyni zamanda ATƏT həmsədri Jak Forla keçirdiyi görüşlərə münasibətini bildirərkən deyib.
"Bu kimi hallar ancaq Eldar Namazovun siyasi cəhətdən şişirdilməsi ilə bağlıdır" - deyə vurğulayan YAP rəsmisi onu da qeyd edib ki, həmin görüşlər ancaq ondan ibarətdir ki, adıçəkilən ölkələrin səfirləri ona diqqət ayırırlar: "Bununla Eldar Namazov cəmiyyətə bir mesaj verib ətrafında hər hansı bir siyasi partiyanı formalaşdırmaq istəyir. Ümumilikdə, bəzi ölkələrin səfirləri, nümayəndələri ənənəvi müxalifətə gizlin olaraq maddi dəstək verirlər".
Siyavuş Novruzov daha öncələr də xarici səfirliklərin radikal müxalifət təmsilçiləri ilə görüş keçirdiklərini bildirib və qeyd edib ki, müxalifət liderləri heç vaxt onların maraqlarını təmin edə bilməyiblər. Məhz, bu baxımdan, səfirlər yeni axtarışlar etməyə məcbur olurlar: "Onların heç bir perspektivi olmadığını gördükdən sonra yeni axtarışdadırlar. Yeni axtarışların nəticəsi də odur ki, bəzi xarici dairələr Eldar Namazovun ətrafında hansısa siyasi qüvvəni formalaşdırmaq istəyirlər. Amma nə qədər püləsələr də, Eldar Namazov şişmir. Uzağı partlaya bilər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB