Politoloq: “Minsk qrupu beynəlxalq hüquq normalarını pozan Ermənistanı dayandırmaqda acizdir” MÜSAHİBƏ

Politoloq: “Minsk qrupu beynəlxalq hüquq normalarını pozan Ermənistanı dayandırmaqda acizdir” MÜSAHİBƏ

Politoloq Qabil Hüseynlinin SİA-ya müsahibəsi:

- ATƏT-in Mİnsk Qrupu həmsədrləri regionda səfərdədirlər. Bu səfəri necə şərh edərdiniz?

- Səfərin regiona başlaması zəruri idi. Ona görə ki, bölgədə atəşkəs rejimi ciddi şəkildə pozulmuşdu və ağır nəticələr doğurmaqda idi. Hətta müharibə başlanacaq deyənlər də var idi. Belə bir vəziyyətdə onlar regiona gələrək prezidentlərin bu ay Fransada baş tutacaq görüşünü hazırlamağa çalışdılar. Ən əsası isə regionda konfliktin yenidən qızışmasının qarşısını almağa cəhd göstərdilər. Hələ ki onlar yalnız Azərbaycanda olublar, hazırda İrəvandadırlar oradan da Xankəndinə getməlidirlər. Nəzərə alsaq danışıqlar prosesi hələ bir müddət çəkəcək, ona görə də indidən səfərinin uğurlu olub-olmaması ilə bağlı fikirlər söyləmək çətindir. Lakin onlar burada olarkən mesaj verdilər ki, İrəvanda erməni rəsmilərinə ciddi xəbərdarlıq edəcək, ən azından müəyyən məsələləri onların nəzərlərinə çatdıracaqlar.

Onların ürəyindəkiləri haqqında nəsə demək çox çətindir. Çünki, ermənilərin diqqətinə çatdırılmalı məsələlər kifayət qədərdir. ATƏT-in Minsk qrupu beynəlxalq hüquq normalarını pozan Ermənistanı dayandırmaqda acizdir. Onların monitorinq qrupu atəşkəs rejiminə nəzarət edə bilmir. Onlar bu rejimin kim tərəfindən pozulduğunu qeydə ala bilmirlər, halbuki bu rejimi bir qayda olaraq Ermənistan tərəfi pozur hətta onlar ərazilərimizə təxribatçı qruplar göndərməyə çalışırlar. Bütün bunlara baxmayaraq Ermənistana təzyiq məsələsi ləngiyir. Bu da onu göstərir ki, ATƏT əvvəlki prinsiplərinə sadiqdir və məsələnin həlli ilə bağlı konstruktivlik göstərə bilmirlər.

Onlar səfər zamanı ayın sonunda prezidentlərin görüşünün təşkilini mütləq sayırlar və bunun reallaşması üçün əlindən gələni əsirgəməyəcəklərini bildirirlər. Lakin bu görüş görüş xatirinə keçirilə bilməz. Bunun üçün masa üzərinə konkret məsələlər qoyulmalıdır. İndiyə qədər Azərbaycan məsələnin həlli ilə bağlı xeyli kompromislərə gedib. Lakin Ermənistan danışıqlar prosesinin konstruktiv məcraya yönəlməsi üçün lazımi şərtləri yerinə yetirə bilmir.

- Atəşkəs rejimini Ermənistan tərəfi pozmasına baxmayaraq, nədənsə onların mətbuatında bunun əksi yazılır. Necə düşünürsünüz burada üçüncü bir dövlətin rolu ola bilərmi?

- Bütün bunlar qabaqcadan hazırlanmış bir ssenari idi. Onlar bilirdilər ki, atəşkəs rejimini pozduqları zaman Azərbaycan ordusu onların cavabını verəcək. Ona görə də onlar qabaqcadan təmas xəttinə xaricdən müxbirlər dəvət edib, ideoloji təxribat kimi prosesləri hazırladılar. Bunun nəticəsində bir çox KİV və sosial şəbəkələrdə bununla bağlı geniş məlumatlar yayıldı. Bu proseslə Ermənistan dünya ictimaiyyətinə təsir etmək, azərbaycanlıların guya müharibəyə hazırlaşması ilə bağlı rəy yaratmağa cəhd etdi. Əlbəttə ki, burada Rusiyanın da müəyyən rolu var.

- Minsk qrupunun erməniləri dəstəkləməsi və bununla da status-kvo vəziyyətini saxlamasına dair fəaliyyət göstərməsi nəyə hesablanıb?

- Minsk qrupu bu vəziyyətin dəyişməsi üçün səy göstərmir. Nəticə etibarı ilə belə çıxır ki, onlar həqiqətən də bu vəziyyəti saxlamaq istəyirlər. Baxmayaraq ki, "səkkizlər"in görüşündə özləri bildirdilər ki, artıq vəziyyəti dəyişmək, prosesləri irəliyə doğru aparmaq lazımdır. Amerikalı həmsədr də bu yaxınlarda bildirdi ki, onlar bu məsələ ilə ciddi məşğul olacaq, status-kvonun dəyişdirilməsi üçün lazımi addımlar atacaqlar. Düşünürəm ki, Amerikanın sözünü boş söz hesab etmək olmaz. Ona görə ki, son zamanlar Amerikada anti-Rusiya meyilləri müşahidə olunur . Son zamanlar Rusiya Amerikanı ciddi şəkildə qəzəbləndirib. Təbii ki, buda məsələnin həllinə müsbət təsir edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə