MDB-nin Daimi Səlahiyyətli Nümayəndələr Şurası Birliyin Xarici İşlər Nazirləri Şurası iclasının gündəliyinin layihəsini tərtib ediblər

MDB-nin Daimi Səlahiyyətli Nümayəndələr Şurası Birliyin Xarici İşlər Nazirləri Şurası iclasının gündəliyinin layihəsini tərtib ediblər

Fevralın 4-də Minskdə MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin Nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclası keçirilib. İclas iştirakçıları MDB-nin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) aprelin 4-də Moskvada keçirilməsi nəzərdə tutulan növbəti iclasının gündəliyinin layihəsini tərtib ediblər. Gündəliyin layihəsinə Birlik ölkələrinin müxtəlif istiqamətlər üzrə inkişafına dair 17 məsələ daxildir. Belə ki, xarici siyasət idarələrinin başçılarına 2013-cü ildə Birlik çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr Planının həyata keçirilməsinin yekunlarını nəzərdən keçirmək və 2014-cü il üçün planı təsdiq etmək, milli idman növlərinin dəstəklənməsinə və inkişafına dair məsələləri müzakirə etmək, 2016-cı ili MDB-də Təhsil İli elan etmək, onkoloji xəstəliklərə qarşı mübarizə aparmaq təklif edilir.
Gözlənildiyinə görə, XİNŞ-in iclasında təhlükəsizliyin təmin olunması sahəsində sənədlər bloku, o cümlədən silahlı qüvvələrin topogeodeziya və naviqasiya təminatı sahəsində əməkdaşlığı, MDB-nin iştirakçısı olan dövlətlərin silahlı qüvvələrinin mühəndis qoşunlarının humanitar minalardan təmizləmə əməliyyatları sahəsində qarşılıqlı fəaliyyəti, cinayət işləri üzrə maddi sübut olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qurumun iştirakçısı olan ölkələrin səlahiyyətli orqanları tərəfindən ötürülməsi qaydası barədə məsələlər nəzərdən keçiriləcək.
Xarici işlər nazirləri Birliyin iştirakçısı olan ölkələrin daxili işlər orqanları (polis) üçün rəhbər heyətin hazırlanması, yenidən hazırlanması və ixtisasının artırılması və ümumdünya irsinin saxlanılması sahəsində iki baza təşkilatının yaradılması məsələsini də müzakirə edəcəklər.
Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvləri MDB Hökumət Başçıları Şurasının (HBŞ) mayın 30-da Kiyevdə planlaşdırılan növbəti iclasının gündəliyinin layihəsinə təklifləri də nəzərdən keçiriblər. İrəli sürülən təkliflər daha sonra qurumun iştirakçısı olan dövlətlərdə əlaqədar nazirliklər və idarələr tərəfindən işlənəcəkdir. HBŞ-in gündəlik layihəsinin son variantını Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclasında tərtib etmək planlaşdırılır.
Bundan əlavə, daimi səlahiyyətli nümayəndələr əhalinin pensiya təminatı sahəsində məsələləri müzakirə edib və Birlik ölkələrinin vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında 1992-ci il 13 mart tarixli Sazişin iştirakçısı olan dövlətlərin çoxunun dövlətlərarası ikitərəfli sazişlər imzalamaq yolu ilə qurum ölkələrinin qanunvericilik bazasındakı dəyişiklikləri nəzərə almaqla, bu sahədə dövlətlərarası münasibətləri daha da inkişaf etdirmək üzrə işi davam etdirməyin məqsədəuyğun olması barədə fikrini dəstəkləyiblər.
Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclasını martın 20-də keçirmək nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə