Sahib Alıyev: “Bu dövlətlər artıq ikili standartlılıq deyil, ikiüzlülük nümayiş etdirirlər”

Sahib Alıyev: “Bu dövlətlər artıq ikili standartlılıq deyil, ikiüzlülük nümayiş etdirirlər”

"ATƏT-in Minsk qrupunun fəaliyyəti o zaman uğurla nəticələnəcək ki, onlar Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ədalətli, öz missiyalarına uyğun mövqe tutacaqlar". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib. Millət vəkilinin fikrincə, bu günlərdə Azərbaycan-Ermənistan sərhəddində atəşkəsin intensiv olaraq pozulması zamanı Minsk qrupunun həmsədr ölkələrinin heç biri obyektiv mövqe tutmadı: "Fransa ümumiyyətlə susqunluq nümayiş etdirdi. ABŞ təmsilçisi isə hadisəni sadəcə, iki dəfə sosial şəbəkədə şərh etdi. Hər ikisində də cəbhə xəttində həlak olan işğalçı ordunun hərbiçilərinə başsağlığı verərək təəssüf hissi keçirdiyini qeyd etdi. Bizim şəhid olan zabitlərimiz haqqında isə heç bir mövqe bildirmədi".

"Belə bir missiyanın daşıyıcısı ilk növbədə ədalətli çıxış etməlidir" - deyə qeyd edən Sahib Alıyevin bildirdiyinə görə, biz onun şahidi olduq ki, onlar erməni ölümünə təəssüflənir amma bizim şəhidlərimizin üzərindən ötəri keçdilər: "Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi də bununla bağlı bəyanatında dolayısıyla status-kvonun qorunub saxlanmasında ermənilərə dəstək verdi. Halbuki həm Rusiya prezidenti, həm də ABŞ və Fransanın prezidentləri status-kvonun qorunub saxlanmasının yol verilməz olduğunu bildirirdilər. Bu dövlətlər artıq ikili standartlıq deyil, ikiüzlülük nümayiş etdirirlər".

"Ərazisi tez-tez işğalçı ordunun atəşinə məruz qalan bir bölgənin təmsilçisi kimi ATƏT-in Minsk qrupunun həmsədrlərindən tələb edirəm ki, bu cür ikili standartlardan əl çəksinlər, üzərlərinə düşən missiyalarını dəqiq yerinə yetirsinlər" – deyə vurğulayan millət vəkili eyni zamanda qeyd etdi ki, həmin tərəflər öz işlərinin öhdəsindən gələ bilmirlərsə, bunu etiraf etsinlər: "Bacarmırlarsa prosesdən kənara çəkilsinlər. Açıq şəkildə etiraf etsinlər ki, bu məsələ onlarlıq deyil".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə