Çingiz Qənizadə: "Həmsədrlər Dağlıq Qarabağ probleminin həll edilməsində ya maraqlı deyillər, ya da həll etmək istəmirlər"
Millət vəkili Çingiz Qənizadənin SİA-ya müsahibəsi:
- Çingiz müəllim, son vaxtlar cəbhədə gərginliyin müşahidə olunması ilə yanaşı, bir sıra media qurumları insidentlər baş verən nöqtələrdə açıq çəkilişlər aparır, yüksəklik və səngərlərdən reportajlar hazırlayaraq onu ictimaiyyətə təqdim edirlər. Sizcə, düşmən tərəfi bu kimi hallarda öz məqsədləri üçün yaralana bilərlər?
- Ümumiyyətlə, hərbi hissələrin, hərbi ərazilərin məxfiliyi qorunub saxlanılmalıdır. Son günlər Azərbaycan-Ermənistan cəbhə bölgəsində yaranan gərginliyi bəzi media nümayəndələrinin videolentə alaraq sosial şəbəkələrdə yaymaları yolverilməzdir. Hətta xoşməramlı da olsa birbaşa səngər zonasının, döyüş nöqtələrinin mediada, eləcə də sosial şəbəkələrdə yayılmaları bizim üçün məqbul sayıla bilməz. Həm əsgərlərimizin təhlükəsizliyi, həm də ölkəmizin milli maraqları baxımından düzgün deyil. Düşünürəm ki, bu kimi videoları yayanlar qərəz nümayiş etdirirlər. Onlar hər hansı bir formada döyüş hazırlığımızı nümayiş etdirmək istəyirlər. Amma bunun özündə belə, düşmən qüvvələrin əldə edə biləcəyi müəyyən məxfi məlumatlar var ki, bundan Azərbaycan ordusuna qarşı istifadə edə bilərlər. Hesab edirəm ki, bu məsələni ciddi müzakirə etmək lazımdır. Bütün vətənpərvər jurnalistlər bu cür halların olmamsı üçün əllərindən gələni əsirgəməməlidirlər.
- Bu günlərdə ATƏT-in Minsk Qrupu həmsədrləri növbəti dəfə regiona səfər ediblər və bu səfər həmişəkindən fərqli olaraq Azərbaycandan başlanılıb. Burada Ermənistan tərəfinin həmsədrləri Azərbaycana "elçi" kimi göndərmələrini düşünmək olarmı?
- ATƏT-in Minsk qrupunun fəaliyyəti birmənalı olaraq yarıtmazdır. Bunu dəfələrlə siyasilər, dövlət xadimləri vurğulayıblar. Bu illər ərzində bir dəfə regiona səfərlərini Azərbaycandan başlayıblar. Bunun isə ermənilər tərəfindən təşvişlə qarşılanması anlaşılandır. Çünki cəbhədə yaranmış son vəziyyət və silahlı qüvvələrimizin gücünün ermənilər tərəfindən dərk edilməsi belə qənaəətə gəlməyə əsas yaradır. Ermənilər hər zaman xoflu, xain olublar. Erməni tərəfindən fərqli olaraq, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistandan Azərbaycana səfər etməsi bizim üçün heç vaxt əhəmiyyət kəsb etməyib. Çünki bizim üçün ən əsas ATƏT-in beynəlxalq hüquq normaları çərçivəsində Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində fəaliyyətlərini qurmalarıdır. Bunu isə biz hələ görmürük. ATƏT-in Minsk qrupunun bu səfəri onların fəaliyyətsizlikləri ilə bağlı dediklərimizə bir növ kölgə salmaq məqsədi daşıyır. Onlar Dağlıq Qarabağ probleminin həll edilməsində ya maraqlı deyillər, ya da həll etmək istəmirlər.
- Azərbaycan silahlı qüvvələrinin hərbi təlimlər keçirməsi nəyə görə bəzi tərəflərin təşvişinə səbəb olur?
- Biz öz ərazimizdə beynəlxalq normalar çərçivəsində hansısa təlimlər keçirirksə bu bəzi dövlətləri narazı sala bilməz. Dərhal Ermənistan haray salır ki, Azərbaycan güc nümayiş etdirir. ABŞ Dövlət Departamenti nümayəndəsinin də bu məsələdə ermənilərin mövqeyindən çıxış etməsi məndə bir növ qıcıq yaratdı. Hesab edirəm ki, bu bizim hüququmuzdur. Bu gücü mütəmadi nümyiş etdirmək lazımdır. Çünki ATƏT-in Minsk qrupu, eləcə də digər dövlətlər gözdən pərdə asmaqla Dağlıq Qarabağ məsələsini həll etmək istəmirlərsə başqa yollardan istifadə edə bilərik. Cənab Prezident İlham Əliyev də öz çıxışlarında vurğulayıb ki, əgər Ermənistan öz işğalçılıq siyasətindən əl çəkməsə Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün əlində olan bütün vasitələrdən istifadə edəcək.
- Ötən həftə Avropaya səfəriniz çərçivəsində nə kimi görüşləriniz oldu?
- Bizim səfərin əsas məqsədi Azərbaycandakı ictimai-siyasi vəziyyəti müzakirə etmək idi. Səfər çərçivəsində bizim heyət Avropa Şurasının insan haqları üzrə komissarı ilə görüş keçirdi, müəyyən müzakirələri apardıq. Görüşlər zamanı digər məsələlərlə yanaşı, son zamanlar Leyla Yunusun məlum "siyasi məhbus" iddiaları ətrafında diskussiyalar aparıldı. Əlbəttə ki, biz bu iddialarla razılaşmadığımızı bildirdik və həmin siyahıda 70 nəfəri radikal dini cərəyan üzvlərinin, terrorçuların olduğunu nəzərə çatdırdıq. Onu da bildirdik ki, Leyla Yunusun "siyahısında" dələduzların da sayı çoxdur. Biz də öz mövqeyimizi əsaslandırdıq, siyahının həddən artıq şişirdildiyini və həqiqətə uyğun olmadığını dedik. Bəllidir ki, bu siyahı kimlərinsə şəxsi və digər maraqları nəticəsində ortaya çıxıb və heç bir həqiqəti əks etdirmir. Öz növbəsində Avropa Şurası rəsmiləri də bizə bildirdilər ki, hüquq müdafiəçiləri hansısa qurumun təsiri altındadırsa, onların hazırladığı sənəd ciddi qəbul oluna bilməz və Leyla Yunus Milli Şurada təmsil olunur, öz ofisində bu təşkilatın tədbirlərini keçirir, partiyalar kimi siyasi bəyanatlar verir. Əllbəttə ki, bu hüquq müdafiəsindən kənar fəaliyyətlərdir və ciddi qəbul oluna bilməz. Bu baxımdan, qarşı tərəf bizimlə razılaşmalı oldu.
Eyni zamanda qeyd etmək istərdim ki, Prezident İlham Əliyev Belçikadakı səfəri zamanında da bildirmişdi ki, Avropa Şurası insan hüquqlarının pozulması ilə bağlı kriteriyaları müəyyən etməlidir. Söz yox ki, biz də bu fikirdəyik ki, Avropa Şurası yekdil bir meyar müəyyən etsə, Azərbaycan tərəfi də müəyyən adamlarla bağlı məsələni qiymətləndirə bilər.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB