Kim birinci qərar verib? İDDİA

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı ənənəvi düşərgədə növbəti qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, Müsavat Partiyası və Milli Şura təmsilçiləri yubileyin keçirilməsi barədə ilk qərar verənlərin məhz özləri olduqlarını iddia edirlər. Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı partiyaya bağlı sayta açıqlamasında bildirib ki, Müsavat ilk qərar verən qurumdur: "Bu məsələ ilə bağlı Müsavat ilk qərar verən qurumdur. Digərləri öz tədbirləri haqqında Müsavat Partiyası ilə heç bir məsləhətləşmə aparmağı məqsədəuyğun hesab eləməyiblər".

Milli Şuranın mətbuat xidmətinin rəhbəri və sədr aparatının üzvü Oqtay Gülalıyev isə Müsavat yetkilisinin sözlərində yanlışlıq olduğunu bildirərək deyib ki, onun təmsil olunduğu qurum Müsavat Partiyasından qabaq M.Ə.Rəsulzadənin yubileyinin keçirilməsi ilə bağlı qərarını elan edib: "Elə tarixi günlər, ümummilli məsələlər var ki, onları demokratik qüvvələrin hamısının birlikdə qeyd etməsi daha münasib olardı…Milli Şura hələ öncədən Rəsulzadənin yubiley hazırlıqlarına start vermişdi".

Xatırladaq ki, Rəsulzadənin Novxanıdakı abidəsi önündəki tədbir Müsavat Partiyası tərəfindən saat 11-00-da, AXCP-nin də təmsil olunduğu Milli Şura tərəfindən isə saat 12-00-da keçirilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə