Əbülfəs Qarayev: “Biz keçmişimizə fərəhlə baxırıq”

Əbülfəs Qarayev: “Biz keçmişimizə fərəhlə baxırıq”

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq böyük ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ölkəmizdə və ondan kənarda böyük coşğu ilə qeyd olunur. Tədbirlər xüsusi plan əsasında respublikanın müxtəlif bölgələrində qeyd olunmaqdadır və Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunan tədbirlər il boyu silsilə şəkildə davam edəcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi Türkiyədə, Rusiyada və digər ölkələrdə də yüksək səviyyədə keçiriləcək: "Biz Məhəmməd Əmin Rəsulzadənin bir neçə əsərini, tədqiqatlarını, onunla bağlı araşdırmaları nəşrə hazırlayırıq və bu il ərzində onlar işıq üzü görəcək. Hesab edirəm ki, bu, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə çox böyük töhfə olacaq".

Ə.Qarayev vurğulayıb ki, Məhəmməd Əmin Rəsulzadə və silahdaşları Şərqdə ilk Demokratik Cümhuriyyətin banilərindən olub və bu gün biz həmin Cümhuriyyətin varisləriyik: "İlk dəfə olaraq, Ulu Öndər Heydər Əliyev Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını qaldırdı. Bu gün biz həmin bayraq altında yaşayırıq. "İstiqlaliyyət Abidəsi" M.Ə.Rəsulzadə və silahdaşlarına vahid bir hörmət əlamətidir. Hesab edirəm ki, biz onları birlikdə qəbul etməliyik. Çünki onlar Azərbaycan Demokratik Respublikasının yaradıcılarıdır və ona görə də biz keçmişimizə fərəhlə baxırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə