Eldar Namazov: “Qərarları Cəmil Həsənli və iki partiya verib” İDDİA
"El" Hərəkatının sədri Eldar Namazov Milli Şurada baş verən böhranlı vəziyyətə aydınlıq gətirməyə davam edir. SİA-nın məlumatına görə, "Yeni Müsavat" qəzetinə silsilə müsahibə verən "El" sədri Milli Şurada davamlı hal almağa başlayan istefalara və qurumun bir partiyanın - AXCP-nin monopoliyasına keçməsinə dair ilginc açıqlamalarla çıxış edir.
"Milli Şuranın son dönəmlər bir neçə üzvü istefa verib" - deyə bildirən Eldar Namazov Milli Şura rəhbərliyinin həmin istefalara ciddi yanaşmadığını bildirməklə qeyd edib ki, artıq bu qurumu yaradan 6 siyasi liderin dördü orada təmsil olunmur: "İstefalara sadəcə "bu da getdi, heç bir şey olmaz" prinsipi ilə yanaşmaq doğru deyil. Bu gün Milli Şuranın yaradılması üzrə siyasi danışıqlarda iştirak edən 6 siyasi liderin dördü artıq Milli Şuradan gedib".
Eldar Namazov zamanında xəbərdarlıq etdiyini də xatırladıb: "Ancaq "El" Hərəkatının xəbərdarlığından sonra durumu düzəltmək mümkün ola bilərdi. Mən son addımlara qədər çalışırdım ki, biz Milli Şuranın saxlanmasına, güclənməsinə nail olaq. Hətta mən istefa verərək bundan sonra siyasi fəaliyyətimi "El" Hərəkatında davam etdirəcəyim haqqında bəyanatımda da Milli Şuranın gələcəyi ilə bağlı bir sıra təkliflər vermişəm".
"El" sədri eyni zamanda prezident seçkiləri öncəsi Milli Şuranın mitinq keçirməsində qurumdaxili fikir ayrılıqlarının səbəbkarı kimi Cəmil Həsənlini və AXCP-ni gördüyünü gizlətməyib: "Mən Mitinq Komitəsində olan şəxslərə irad tutdum. Dedim, əzizlərim, əgər mitinq təşkil ediriksə, niyə mənim bundan xəbərim yoxdur? Onlar cavab verdilər ki, bizim də xəbərimiz yoxdur. Düşündüm ki, yenə də ögey-doğma məsələdir - qərarları Cəmil Həsənli və iki partiya verib. Həmin gün İsa bəylə Müsavat Partiyasının qərargahında keçirilən bir toplantıda görüşdüm. İsa bəy məndən soruşdu ki, Milli Şura mitinq təyin edib, sənin bundan xəbərin oldu? Yəni İsa bəyin də xəbəri yox idi".
Xatırladaq ki, Eldar Namazov bundan öncəki müsahibələrində də Milli Şurada baş verən böhranla bağlı AXCP sədri Əli Kərimlinin pozuculuq siyasəti yürütdüyünü qeyd etmişdi.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB