Zahid Oruc: “Sarkisyan daxil olmaqla, Köçəryan, Seyran Ohanyan və digərləri mühakimə olunmalıdırlar”

Zahid Oruc: “Sarkisyan daxil olmaqla, Köçəryan, Seyran Ohanyan və digərləri mühakimə olunmalıdırlar”

"Ermənistanın bu mövqeyi heç bir məntiqə sığmır və ciddi məna kəsb etmir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Ermənistanın Azərbaycan rəhbərliyini məhkəməyə vermək iddiasına münasibətini açıqlayarkən bldirib.

Millət vəkili qeyd edib ki, bu məsələnin qaldırılması ilə bağlı Avropa Şurasında Ermənistanı təmsil edən Zorqabyan adlı bir deputat çıxış edib: "Tamamilə avantüraya vardığını, siyasi instinklərinin son dərəcə korşaldığını ortaya qoyan bir mövqedir. Həmin şəxsdən və digərlərindən soruşula bilərdi ki, nəyə görə Azərbaycanın dövlət rəhbərliyi Ermənistanın hərbi qüvvələrinə qarşı kəskin mövqe sərgiləyir? Bunun səbəbləri nədən ibarətdir? Bu anda dərhal bütün aydınlıqlar ortaya çıxardı. Aydın olardı ki, işğalı həyata keçirən, insanlarımıza qarşı amansızlıqlar törədən, bu gün də dağıdıcılıq fəaliyyətini davam etdirən hərbi xunta rejimindən danışılır".

"Dünyanın hansı ölkəsində işğalçı qoşunlara münasibətdə həmin ölkənin rəhbərliyi sükut mövqeyi və yaxud diplomatik soyuqqanlılıq nümayiş etdirir?" sualını edən Zahid Oruc Ermənistanın bu kimi mövqedən çıxış etməsini digər məsələ ilə də əlaqəli olduğunu bildirib: "Başqa bir tərəfdən, burada digər məsələ Ramil Səfərovun azadlığa buraxılması ilə əlaqəlidir. Düşünürəm ki, burada ermənilərin tarixinə baxmaq kifayət edər. Əgər kimsə maraqlansa, şahidi olar ki, onların əksəriyyəti azərbaycanlıları qətlə yetirən şəxslərdir. Erməni xalqının "qəhrəmanları" bizim millətimizin qətlə yetirilməsində, məhv edilməsində iştirak edən simalardır. Belə olan təqdirdə onların ixtiyarı yoxdur ki, Ramil Səfərovun siyasi mühakiməsini davam etdirsin və bunu Azərbaycanın əleyhinə çevirsin".

Əslində, bu gün Ermənistanın siyasi elitasının cinayətkar olduğunu xatırladan millət vəkili eyni zamanda qeyd etdi ki, onların hər biri məhkəmə qarşısına çıxarılaraq insanlıq əleyhinə çıxdıqlarına görə cavab verməlidirlər: "Mühakiməyə məhz onlar layiqdirlər. Çünki onlar bu əməllərin sahibidirlər. Beynəlxalq Haaqa Tribunalında keçmiş serb hərbi rəhbərliyini mühakimə edirlər. Birinci Sarkisyan daxil olmaqla, Köçəryan, Seyran Ohanyan və digərləri həmin yerə layiqdirlər. Bir millətin bütövlükdə ictimai təfəkkür tərzi Azərbaycana qarşı düşmənçilik epopeyaları ilə doludursa gələcəkdə də bizə qarşı hansısa təxribatların törədilməsi gözləniləndir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə