Azərbaycanda qəzetlərin yayımı yalnız köşklərdə həyata keçirilməlidir FOTOLAR

Media kapitanları bu barədə nə düşünürlər?
Azərbaycanda qəzetlərin yayımı yalnız köşklərdə həyata keçirilməlidir FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Yayım Assosiyasının təşkili ilə ölkədə fəaliyyət göstərən bir sıra qəzet redaktorları arasında görüş keçirilib. Görüşdə çıxış edənlər Azərbaycanda qəzet və jurnalların səyyar satışı məsələsini müzakirə ediblər. Onlar səyyari qəzet satışının qadağan edilməsi ilə bağlı Prezident Administrasiyasına (PA) müraciət ünvanlayacaqlarını deyiblər.

Maraqlıdır ki, müstəqil mətbuatın xeyli hissəsi bu tədbirə qatılmayıb. Onların bir hissəsi tədbirə dəvət olunmadıqlarını, digər hissəsi dəvət olunsalar da bu tədbirdə iştirak etməyin lazımsız olduğunu bildirməklə yanaşı qeyd ediblər ki, müzakirə olunan mövzu istiqaməti düzgün deyil, qərəzlidir. Əksinə ölkədə qəzetlərin yayımı və satışında heç bir problem yoxdur. Gəlin, tədbirə qatılmayan, lakin məsələdən agah olan media kapitanlarının mövzu ilə bağlı fikirlərinə diqqət edək:

"SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev: "İlk öncə müzakirəni təşkil edənlərin fəaliyyətinə diqqət yetirək. Həmin redaktorlardır ki, onların rəhbərlik etdiyi mətbuat daim Azərbaycanın əleyhinə müxtəlif məqamlarda qərəzli informasiyalar yayıb. Bu gün də həmin qərəz özünü başqa bir formatda, sahədə göstərir. Fikir verin, əgər bu insanlar bu gün bir araya gəlib səyyari satışın və ümumiyyətlə, mətbuat azadlığının boğulmasını müzakirə edirlərsə, deməli onlar ya Azərbaycanda mətbuat azadlığığnın olduğundan xəbərsizdirlər, ya da özlərini görməzliyə vururlar. Ölkəmizdə azad kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan deyil. Sadəcə qanunları bilmək və qanuni fəaliyyət göstərmək, dövlətin vergisini vermək, şəffaf olmaq lazımdır. Eyni zamanda qəbul etdiyimiz demokratik prinsiplər, ölkə Konstitusiyası, qanunlarımız, Azərbaycanda mətbuat, söz azadlığının və fikir plüralizminin olmasını şərtləndirən faktorlardır. Yəni bütün bu qanunlar söz azadlığının, fikir plüralizminin və mətbuat azadlığının inkişafına yönəlib. Bu gün qlobal dünyada artıq böyük bir modernləşmə, inkişaf gedir. Təbii ki, ölkəmiz də bu inkişafın ilk yerlərindən birini tutur. Axı dünyada belə bir proseslərin getdiyi bir vaxtda hansı qanunsuzluqdan, mətbuatın boğulmasından söhbət gedə bilər? Artıq dünyanın inkişafı ilə ayaqlaşmaq lazımdır. Bu, zamanın tələbidir.

Bu baxımdan hesab edirəm ki, səyyari satışı müzakirə etmək yersizdir. Çünki 1980-ci illərin sonları və 1990-cı illərin əvvəllərində səyyari satış bir növ mətbuat yayımı ilə məşğul olan qurumların funksiyasını mənimsəmişdi. Satış yerləri az olduğuna görə bəzi qəzetlər yayımını səyyari satış üzərindən aparırdı. Amma bu gün tam əks olan mənzərə ilə rastlaşırıq. Azərbaycanda artıq beynəlxalq standartlara cavab verən qəzet köşkləri fəaliyyət göstərir. Qəzetlər bu köşklər vasitəsilə mətbuat yayımını qura bilərlər. Amma məlum səbəblərdən bəzi qəzetlər səyyari satışa üstünlük verirlər. İlk növbədə, burada əsas günahı səyyari satışın qadağan edilməsinə etiraz edən baş redaktorlarda görürəm. Ona görə ki, onlar kommersiya işlərini və qəzet yayımını düzgün qura bilmirlər. Beləcə, onlar sonda bu kimi problemlərlə üzləşirlər.

Azərbaycan günü-gündən gözəlləşir, ölkəyə gələn turistlərin sayı getdikcə artır. Təbii ki, inkişaf etmiş bir ölkədə qəzet və jurnalları köşklərdən deyil, əldə yayımdan almaq heç bir turist, yaxud vətəndaşımız üçün xoş olan hal deyil. Bu, bizim imicimizə də böyük ziyan vurur.

Onların bu məsələyə problem kimi yanaşmalarına təəssüf edirəm. Hesab edirəm ki, bu yersiz və lazımsız bir müzakirədir. Ümumiyyətlə, orada iştirak edən redaktorların özlərində bu məsələyə yanaşma və düşünmə tərzi düzgün deyil. Əgər onların hadisələrə yanaşma tərzi obyektiv olsa idi, o zaman həmin reaktorlar Azərbaycanda gedən inkişafı, qəzet və jurnalların satışı üçün yaradılmış şəraiti görərdilər. Bu mənada düşünürəm ki, qəzetlər yalnız müasir standartlara cavab verən köşklərdə satılmalıdır.

Hətta bu yaxınlarda PA rəsmisi də öz açıqlamasında bildirdi ki, Bakı şəhəri əhalinin sayına uyğun mətbuat yayımı köşklərinin olmasına görə dünyanın bu sahədə ən öndə gedən şəhərləri ilə müqayisə oluna bilər. Yeni köşklərdə mətbuat yayımı nizama salınıb. Mətbuat orqanlarının əsas tələbi ondan ibarətdir ki, Bakının istənilən yerində insanların qəzet almaq ehtiyacı qarşılansın, qəzet satışı təşkil olunsun. Hazırda Bakı şəhərində mövcud olan mətbuat yayımı köşkləri bu ehtiyacı ödəyir. Yeni köşklərin paytaxtda yerləşdirilməsi prosesi də davam edir. Bundan sonra da ehtiyac olan yerlərdə köşklərin yerləşdirilməsi davam etdiriləcək. Ona görə də belə bir sivil mətbuat yayım sistemi, bu qədər mətbuat yayımı nöqtələri olan şəhərdə mətbuat yayımının hansısa ciddi problemlərindən danışmaq ədalətsizlikdir.

Hətta deyərdim ki, bu gün regionlarımızda da mətbuat yayımı üçün kifayət qədər köşklər quraşdırılıb. Hesab edirəm ki, bu məsələləri qaldıranlar yalnız problem axtaranlardır. Azərbaycan dövləti ölkə mətbuatının inkişafı, mətbuatın asıllıqdan azad olunması, eləcə də mətbuatın dünya standartlarına cavab verməsi üçün öhdəsinə düşən bütün işləri ən yüksək səviyyədə yerinə yetirir.

Bildiyiniz kimi 2013-cü ilin noyabrın 24-də Prezident İlham Əliyevlə baş redaktorların görüşü keçirildi və həmin görüş zamanı İlham Əliyev ikinci dəfə "Jurnalistlərin dostu" seçildi. Cənab Prezidentlə görüşdə də bu məsələlər geniş şəkildə müzakirə edildi. Burada ölkə rəhbəri tərəfindən mövcud qüsurların aradan qaldırılması ilə bağlı lazımi göstərişlər verildi. Hazırda bunun nəticələri də göz önündədir.

Bu gün siyasi əqidəsindən asılı olmayaq heç bir qəzetə fərq qoyulmur. Təəssüf doğuran məqam isə odur ki, həmin səyyari satışın qadağan edilməsinə qarşı etiraz edənlər cənab Prezidentlə görüşdə şəxsən iştirak ediblər. Görüşdən sonra isə onlar razılıq əlaməti olaraq həm mətbuatda açıqlamalar veriblər, həm də öz mətbuatlarında bunu şərh ediblər".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Əslində qəzetlərin səyyar satışına qadağa qoyulub fikrinin özü yanaşma nöqteyi-nəzərdən səhvdir. Bilirsiniz ki, təkcə qəzetlərin pərakəndə satışına qadağa qoyulmayıb. Aparılan siyasətin əsas mahiyyəti şəhərdə pərakəndə satışın bütün formalarına qadağa qoymaqdan ibarətdir. Ölkəmizdə pərakəndə qaydada bütün malların satışına qadağa qoyulduğundan qəzet də bunun içərisindədir və istisna təşkil edilə bilməz. Əlbəttə, pərakəndə satış yerlərinin nisbətən məhdudlaşdırılması bütün qəzetlərin fəaliyyətinə öz təsirini göstərir. Metrolarda səyyar satış qaydaları mövcud olan zaman qəzetlər daha çox satış əldə edə bilirdi. Lakin unutmayaq ki, bu gün ölkəmizdə müasir standartlara uyğun 150-dən artıq köşk fəaliyyət göstərir. Həmin köşklərdə istənilən qəzeti əldə etmək olur. Əsas məsələ insanları köşklərə cəlb etməkdir. Qəzet əldə etmək istəyənlər istədiyi qəzeti rahat şəkildə köşklərdən ala bilərlər. Səyyar satışın qadağan olunmasının qəzetlərə müəyyən qədər təsiri ola bilər. O da ola bilər ki, bu qərar yaxın gələcəkdə oxucu kütləsinin artmasına gətirib çıxarsın. Belə olan halda köşklərdə satış səviyyəsində qeyri adi yüksəliş başlayacaq. Mən istərdim ki, yeni köşklər və digər firmaların köşkləri vasitəsilə yayımın səviyyəsi xeyli artsın və genişlənsin. Düşünürəm ki, bu bütün qəzet redaktorlarının istəyidir. Həmçinin hesab edirəm ki, tezliklə qəzetlərin satışı üçün səyyar satış arenası da düşünülə bilər".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Əl yayımı demək olar ki, ötən əsrin əvvəllərinə xas olan xüsusiyyət idi. Faktiki olaraq səyyar qəzet satışı dünyanın heç bir ölkəsində tətbiq olunmur. Əgər bu gün ölkəmizdə müasir standartlara cavab verən köşklər quraşdırılırsa və yayım sahəsində ciddi islahatların aparılması ilə bağlı hökumətin iradəsi ortadadırsa, o zaman əl yayımına ehtiyac yoxdur. Bir sözlə, qəzet satışı ilə bağlı müasir standartlara cavab verən şərait varsa, o zaman yayımı feudal dövrünə qaytarmağın heç bir mənası yoxdur. Ümumiyyətlə, əl yayımı ilə məşğul olan şirkətlər əslində media arasında ayrı-seçkiliyi yaradan bir struktur idi. Əksər hallarda da fəaliyyətlərini qeyri-leqal şəkildə həyata keçirirdilər. Çünki bu prosesi nəzaratə almaq və onları vergilərə cəlb etmək mümkünsüz idi. Düşünürəm ki, bəzi mətbuat orqanları əl yayımının vasitəsi ilə qeyri-leqal yayımla məşğul idi. Bu baxımdan əl yayımını müasir yayım sistemindən geri qalan sistem kimi dəyərləndirirəm. İndiki şəraitdə fərdi abunəyə və köşklər vasitəsi ilə satışa daha çox üstünlük verilməlidir. Bununla bağlı Türkiyə təcrübəsindən yararlanmaq yerinə düşərdi. Hesab edirəm ki, Azərbaycan da artıq bu təcrübədən yararlanır. Artıq bu istiqamətdə bir sıra ciddi addımlar atılır və inanıram ki, bundan sonra da bu işlər davamlı şəkildə həyata keçiriləcək".

"OLAYLAR" qəzetinin baş redaktoru Yunus Oğuz: "Azərbaycan dövləti mətbuatın inkişafına hər cür dəstəyi göstərir. Ona görə də biz insanları oxumağa öyrəşdirməliyik. Bu harada mümkündürsə, onu da etməliyik. Cənab prezidentimiz İlham Əliyev Azərbaycan mətbuatının inkişaf etməsi üçün hər cür şərait yaradıb. Mətbuatın inkişafı istiqamətində kifayət qədər işlər görülüb. Hər bir ölkənin mətbuatında olduğu kimi, bizim mətbuatımızda da müəyyən problemlər mövcuddur və bu problemləri də biz yavaş-yavaş aradan qaldırırıq. Bütün bunlara baxmayaraq mətbuatımız istər iqtisadi, istərsə də siyasi cəhətdən daha yaxşı inkişaf edir. Bu gün Azərbaycanda olan mövcud qəzetlər kifayət qədər özünü göstərir, cəmiyyət tərəfindən qəbul olunur".

Ceyhun Rasimoğlu, Nailə İbrahimqızı, Samirə Abdullayeva, Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə