Qəzet redaktorları arasında görüş keçirilib FOTO

Qəzet redaktorları arasında görüş keçirilib FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Yayım Assosiyasının təşkili ilə ölkədə fəaliyyət göstərən bir sıra qəzet redaktorları arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə çıxış edənlər Azərbaycanda qəzet və jurnalların səyyar satışı məsələsini müzakirə ediblər. Onlar səyyari qəzet satışının qadağan edilməsi ilə bağlı Prezident Administrasiyasına (PA) müraciət ünvanlayacaqlarını deyiblər.

Xatırladaq ki, Bakı şəhərinin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazələr 1 yanvar 2014-cü ildən ləğv edilib. Bakı Şəhər Ticarət və Xidmət Departamentinin məlumata görə, bu qərar Bakının abadlaşdırılmasını, gözəlləşdirilməsini, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini və şəhərdə dünya standartlarına uyğun ən müasir qəzet və jurnalların satış köşklərinin quraşdırılması nəzərə alınaraq qəbul edilib.

Bakı Şəhər Ticarət və Xidmət Departamentindən o da bildirilib ki, bundan sonra şəhər ərazisində küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların satışı isə yalnız və yalnız şəhərdə quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək.

Hətta bu yaxınlarda PA rəsmisi məsələ ilə bağlı açıqlamasında demişdi: "Bakı şəhəri ümumi əhalinin və mövcud olan mətbuat yayımı köşklərinin sayına görə dünyanın bu sahədə ən öndə gedən şəhərləri ilə müqayisə oluna bilər. Yeni köşklərdə mətbuat yayımı nizama salınıb. Mətbuat orqanlarının əsas tələbi ondan ibarətdir ki, Bakının istənilən yerində insanların qəzet almaq ehtiyacı qarşılansın, qəzet satışı təşkil olunsun. Hazırda Bakı şəhərində mövcud olan mətbuat yayımı köşkləri bu ehtiyacı ödəyir. Yeni köşklərin paytaxtda yerləşdirilməsi prosesi də davam edir. Bundan sonra da ehtiyac olan yerlərdə köşklərin yerləşdirilməsi davam etdiriləcək. Ona görə də belə bir sivil mətbuat yayım sistemi, bu qədər mətbuat yayımı nöqtələri olan şəhərdə mətbuat yayımının hansısa ciddi problemlərindən danışmaq ədalətsizlikdir. Söhbət indiyə qədər mövcud olan, sivil şəhər normalarına cavab verməyən əldə yayım, metro girişlərində primitiv yayım və sairdən gedirsə, əlbəttə, biz bunlardan məqsədyönlü şəkildə, şəhərimizi dünya standartlarına uyğunlaşdırmaq niyyəti ilə imtina etmişik. Biz Bakı şəhərində dünyanın ən sivil mətbuat yayımı sistemini formalaşdırmaq istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə